Türkiyədə inflyasiyanın artması, 28 may seçkilərindən sonra lirənin sürətlə ucuzlaşmağa davam etməsi, bahalaşmanın sürətlənməsi fonunda gözlər yeni maliyyə və xəzinə naziri Mehmet Şimşəyə dikilib.
AzerTimes xəbər verir ki, dünyanın tanınmış iqtisadçılarından olan və Türkiyənin hazırkı iqtidarının iqtisadi baxımdan ən güclü olduğu dövrdə nazir vəzifəsini məhz onun tutduğuna (2009-2015-ci illər) diqqət çəkən müşahidəçilər M.Şimşəyin bu dalğalanmalarda hansı qərarlar verəcəyini izləyirlər.
Bu baxımdan M.Şimşəyin vəzifəni təhvil alarkən ilk açıqlamaları gündəmə çevrilib. O, strategiyasını bu cür elan edib:
– Şəffaflıq, ardıcıllıq, proqnozlaşdırma, beynəlxalq normalara uyğun təməl;
– Qayda-qanunlara dayanan, proqnozlaşdırılan iqtisadiyyat;
– Təşkilati keyfiyyət və həcmi gücləndirərək makromaliyyənin sabitliyinə üstünlük verilməsi;
– Ortamüddətli proqram işlərinə təcili başlanma;
– Davamlı böyümə üçün maliyyə intizamının təsis edilməsi və sabit qiymətin təmini;
– Ortamüddətli inflyasiyanın yenidən təkrəqəmə endirilməsi və hər sahədə proqnozlaşdırma qabiliyyətinin artırılması, cari kəsiri azaldacaq struktur transformasiyanın sürətləndirilməsi;
– Tətbiq ediləcək maliyyə siyasəti və struktur islahatları ilə inflyasiya ilə mübarizədə Mərkəzi Banka dəstək vermək…
“Hürriyyət” qeyd edir ki, sözügedən mesajlar daxildən çox xaricə yönəlib. Türkiyənin böyüməsi üçün birbaşa xarici sərmayəyə ehtiyac var. Son illərdəki təşviq və bütün cəhdlərə rəğmən, bu, mövcud potensialdan aşağıdır. Şimşəyin elan etdiyi yeni strategiyada “şəffaflıq, davamlılıq, proqnozlaşdırıla bilən və beynəlxalq normalara uyğunluq” ifadələrinin önəmi və hədəfi bu baxımdan diqqəti cəlb edir.
Türkiyəyə “isti pul” gətirmə potensialı olan xaricilər də yeni nazirin diqqətindədir. Son məlumatlara görə, birjada pul mübadiləsi 27,85% ilə dövrünün ən aşağı səviyyəsinə enib. Yəni başqa sözlə desək, İstanbul Birjasında xaricilərin səhm payı 27,85% təşkil edir. Ancaq 2012-ci ilin sonunda bu 67% olub. Xarici səhmdarların təkrar Türkiyəyə qayıtması halında birjanın yenə rekorda imza atması o qədər çətin olmayacaq. Ancaq bunun üçün Türkiyə öz iqtisadiyyatını xaricə izah etməlidir.
Mütəxəssislər Mehmet Şimşəkdən gözləntiləri aşağıdakı kimi sadalayıb:
– İnflyasiya: İllik inflyasiya hazırda 39,59%-dir. İnflyasiyanı birrəqəmli etmək ən böyük hədəfdir. Şimşəyin inflyasiya ilə mübarizə üçün siyasət həyata keçirməsi çox önəmlidir;
– Minimum maaş: İyunda işçiləri sevindirəcək, eyni zamanda iş adamlarını da zərərə uğratmayacaq minimum maaş artımı üçün gözlər Şimşəkdə olacaq;
– Büdcə intizamı: Bir tərəfdən inflyasiyaya görə məmur maaşları artırılmalı, digər tərəfdən təqaüdə çıxma məsələsində yaş baryeri ilə üzləşənlərin (EYT) müavinətləri və s. üçün əlavə maliyyə mənbəyi təmin edilməlidir. Belə bir vəziyyətdə büdcə intizamını təmin etmək çox çətindir. Vətəndaşı incitmədən və büdcə kəsirinə yol vermədən iqtisadiyyatı idarə etmək xüsusi qabiliyyət tələb edir;
– Məzənnə İlə Qorunan Əmanət (Kur Korumalı Mevduat): Ən son 26 mayda məzənnə ilə qorunan əmanət hesablarının ümumi məbləği 2,5 trilyon lirə oldu. Büdcəyə əlavə yük olan bu tənzimləmədən imtina isə sözügedən məbləğin dollara yönəlməsi və qiyməti qaldırması qorxusu var. Şimşəyin bu məsələdə hansı tədbir görəcəyi diqqət mərkəzindədir;
– Faiz: Mərkəzi Bankın açıqladığı faiz ilə bazar məzənnəsi arasında çox ciddi fərq var. Bu fərqin bağlanması üçün izlənəcək yol da bazarın diqqətindədir. Gözlər Şimşəyin 22 iyunda keçirəcəyi Pul Siyasəti Komitəsinin iclasında olacaq. İclasda veriləcək qərarlar hər şeyi dəyişə bilər.
Xatırladaq ki, lirə bu gün növbəti şok yaşayıb. Belə ki, bu gün Türkiyə milli valyutası daha 7 faiz dəyər itirib və dollar 23 lirəni keçib.