Azərbaycanda limon və portağal bağlarının dövlət dəstəkli aqrar
sığorta olunması ilə bağlı şərtlər açıqlanıb.
Aqrar Sığorta Fondundan AzerTimes-a verilən məlumata görə,
Azərbaycanda 686 hektar limon bağı var. Bundan 318 hektarı intensiv
bağçılıq, 368 hektar isə ənənəvi üsulla becərilir. Ən çox limon
bağları Astara, Lənkəran və Ağdaşdadır.
Portağal bağlarının ümumi sahəsi isə ümumilikdə 559 hektar
təşkil edir. Bunun böyük hisssəsi – 439 hektarı ənənəvi üsulla, 120
hektarı intensiv üsulla salınmış bağlardır. Ən çox portağal bağları
Astara və Lənkərandadır.
Ümumiyyətlə ölkədəki bütün portağal bağlarının 80%-i Astarada
yerləşir. Limon və portağal məhsulu təkcə daxili bazarda satılmır,
xaricə də ixrac edilir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, aqrar sığorta
mexanizmi limon və portağal bağlarını bütün əsas risklərdən
qoruyur. Bura dolu, donvurma, sel-su basma, leysan, ildırım,
yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan
keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü
şəxslərin hərəkətləri və sair hallar aiddir.
Limon və portağal bağlarının sahibləri onu baza sığorta zərfi
ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, dolu
vurması nəticəsində keyfiyyət itkisindən, eləcə də ağacların özünü
ayrı-ayrılıqda sığorta edə bilərlər.
Limon bağının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin
ayrı-ayrı regionları üzrə fərqlidir və 2,39%-5,97% arasında
dəyişir. Bu bitkinin ən çox əkildiyi Lənkəran-Astara bölgəsində
sığorta tarifi 2,46% təşkil edir. Hesablanan sığorta haqqının
50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Portağal bağlarının baza sığorta zərfi ilə sığortası tarifi isə
ayrı-ayrı regionlar üzrə 245%-5,05% arasında dəyişir.
Lənkəran-Astara ərazisində sığorta tarifi 2,56% təşkil edir.
Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət
ödəyir.
Misal: Lənkəranda 1 hektar sahədən 300 sentner
limon məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 200 manat
təşkil edir, yəni sahədən ümumilikdə 60 000 manatlıq məhsulun
yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə
hesablanan sığorta haqqı 1476 manat təşkil edir. Fermer bu məbləğin
yalnız yarısını – 736 manat ödəyəcək., qalan hissəni dövlət
ödəyir.
Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə
itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 54
min manat ödəniş edilir.
Misal: Astarada 1 hektar sahədən 480 sentner
limon məhsulu gözlənilir, limonun hər sentnerinin qiyməti 80 manat
təşkil edir, yəni sahədən ümumilikdə 38 400 manatlıq məhsulun
yığılacağı gözlənilir. Həmin bağın baza sığorta zərfi üzrə
hesablanan sığorta haqqı 983 manat təşkil edir. Fermer bu məbləğin
yalnız yarısını – 491 manat ödəyəcək., qalan hissəni dövlət
ödəyir.
Sığota hadisəsi baş verdikdə və sahədəki məhsul tamamilə
itirildikdə 10% azad olma məbləği tətbiq edilir və bağ sahibinə 34
560 manat ödəniş edilir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta
şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet
səhifəsində «Bitkiçilik
məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və
1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.