Liftlərdən düzgün istifadə edin, əks halda təhlükə qaçılmazdır – Ekspert

Səbail rayonunda yerləşən restoranlardan birində liftin
qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Bədbəxt
hadisədən sonra yaşayış və qeyri-yaşayış obyektlərində quraşdırılan
liftlərdə təhlükəsizlik qaydaları yenidən gündəmə gəlib.

Bəs, bu kimi hadisələrin qarşısının alınması üçün hansı
təhlükəsizlik tədbirləri görülməlidir?

Ümumilikdə son vaxtlar liftin qırılması, şaxtaya düşməsi,
elektrik enerjisinin kəsilməsi nəticəsində kabinada insanların
qalması və ağır xəsarətlər alması hallarını tez-tez eşidirik. Bəs
bu kimi hadisələrin qarşısının alınması üçün hansı təhlükəsizlik
tədbirləri görülməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev
Trend
açıqlamasında bildirib ki, liftlər “Texniki təhlükəsizlik haqqında”
qanunda təhlükə potensiallı obyektlər siyahısındadır:

“Stasionar şəkildə quraşdırılan və səyyar yükqaldıran
mexanizmlər olan eskalatorlar, kanat yolları, funikulyorlar və
liftlər təhlükə potensiallı obyektlərdir. Bu, o deməkdir ki,
ticarət mərkəzləri, obyektlər, yaşayış binalarına lift
quraşdırılarkən və istismara verilərkən onun təhlükəsiz istifadəsi
üçün zəruri olan bütün texniki təhlükəsizlik üzrə dövlət
standartları, əməyin mühafizəsi qaydaları, yanğın təhlükəsizliyi,
ətraf mühitin mühafizəsi, ekoloji, sanitar-epidemioloji və
fövqəladə hallardan müdafiə normalarına uyğunluğu olmalıdır. Baş
verə biləcək qəzaların lokallaşdırılması, qarşısının alınması üçün
lift şaxtalarının tikintisi, onun konservasiyası, quraşdırılması
zamanı dövlət standartlarına və digər texniki normativ
təhlükəsizlik standartlarına cavab verən sertifikatlaşdırılmış
materiallardan istifadə edilməlidir. Ancaq təəssüflər olsun ki,
bəzi yaşayış binaları, həmçinin obyektlərdə liftlərə texniki
nəzarət yoxdur. Bütün liftlər müntəzəm olaraq yoxlanmalı, istismar
müddəti bitmiş mexanizimlər, avadanlıqlar, detallar, troslar,
relslər, əyləc, elektrik və mühərrik sistemləri dəyişdirilməlidir.
Lakin hüquqi, yaxud fiziki şəxslər buna ciddi yanaşmırlar. Bəzi
yaşayış binalarında vəziyyət daha pisdir. İnsanlar üçün nəzərdə
tutulmuş liftlərdə ağır yük qaldırırlar. Bu da liftin istismar
müddətinin vaxtından əvvəl başa çatmasına gətirib çıxarır”.

Ekspert əlavə edib ki, bu gün nəinki köhnə binalarda, yeni
tikilən binaların bir çoxunda liftin generatoru belə yoxdur: “Lift
hərəkətdə olarkən binaya gələn elektrik enerjisi kəsilərsə,
sakinlər liftdə qalırlar. Sahibkar hündürmərtəbəli bina inşa edir,
binaya lift quraşdırır, ancaq fikirləşmir ki, elektrik enerjisinin
verilişi dayanarsa, liftdə qalan insanlar necə təxliyə
ediləcək?”.

E.Nurəliyev bildirib ki, liftlərdə qəzalar əsasən normadan çox
yüklənmə olduqda, elektrik sistemində nasazlıq yarandıqda,
liftlərin quraşdırılması zamanı düzgün montaj olunmadıqda və
istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında
dəyişdirilməməsi səbəbindən baş verir: “Liftin qırılıb şaxtaya
düşməsi üçün o tam sıradan çıxmalıdır. Liftdə həm qaldırıcı, həm də
qoruyucu troslar olur. Bunlardan biri qırılsa, digəri kabinanı
saxlayır. Köhnə liftlərdə bu, daha çox təhlükəlidir. Amma yeni
modellərdə sürət artan kimi avtomatik olaraq əyləc sistemi işə
düşür, tam təhlükəsiz dayanır. Ona görə liftdən istifadə zamanı
təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Kabinada yersiz
hərəkətlər etmək, düymələrin bir neçəsini basmaq, qapılara, tavana
toxunmaq, kabinanın divarına söykənmək yolverilməzdir. Uşaqları isə
liftdə xüsusən diqqətdə saxlamaq lazımdır. Onların bu qurğudan tək
istifadəsinə, liftin düymələri ilə oynamasına, qapıya yaxın
durmasına və yerdə oturmasına imkan verilməməlidir. Liftə ilk
olaraq valideyn daxil olmalı, sonra uşağın əlindən tutub kabinaya
keçirməlidir. Yəni liftin təhlükəsiz istifadəsi üçün istehsalçılar
tərəfində bütün fors-major hallar nəzərə alınıb”.

Təhlükəsizlik eksperti liftlərdə güzgülərin quraşdırılma
səbəbini də açıqlayıb: “Liftlərdə olan güzgünü hamımız görmüşük,
ancaq onun nə üçün olduğunu bilirikmi? O güzgü bəzənmək, yaxud
darıxmamaq üçün deyil. Lifti çağıran şəxs onun çağırıldığı
mərtəbəyə gəldiyinə əmin olmaq məqsədilə güzgüdə özünü görməli və
hansı mərtəbədə liftin qaldığını müəyyən etməlidir. Liftdə nasazlıq
yaranarkən kabinə həmin mərtəbəyə çatmadan blokda quraşdırılan qapı
açıla bilər. Belə olan halda lifti çağıran şəxs içəri daxil olar və
nəticədə şaxtaya yıxılar. Ona görə də hər bir sakin lift çağırarkən
özünü güzgüdə görmədən lift kabinasına daxil olmamalıdır”.

Teqlər: