“Lido” restoranında qanun pozuntusu halları aşkar olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iyunun 24-də Binəqədi qəsəbəsi, Mustafa Kamal Atatürk prospekti 69 ünvanda yerləşən Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranında operativ vergi nəzarəti tədbiri həyata keçirilib.

Xidmətdən AzerTimes-a bildirilib ki, nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.

Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Nəzarət tədbirini həyata keçirən Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən fiziki şəxs Qarayev Amal Veyis oğlu barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.

Eyni zamanda, “Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi rayon polis idarəsi tərəfindən fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edilib.

Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.

Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib.

Teqlər: