Ötən gün musiqi baxımından Avropa və dünyanın bir çox ölkələrində maraqla izlənən Avroviziya-2024-ün final mərasimi keçirildi.
Dünən həm də Şuşada “Xarıbülbül” Beynəlxalq Festivalı başladı.
Avropa dəniz iqlimli Malmöya düşəndə türk ölkələri dağ havalı Şuşaya qalxdı!
Malmödə yarış vardı – Şuşada musiqi!
Malmödə ehtiras vardı – Şuşada ecazkarlıq!
Malmöda Tanrının məsləhət gördüyü fiziki kimliklərindən imtina edənlərin seçdiyi qalib, Şuşada Tanrının seçdiyi Qaliblər vardı!
Malmödə hamı bir dildə – ingiliscə oxuyurdu, “milli” adına xırda çalarlar da əlavə edirdi hər bir iştirakçı;
Şuşada hər kəs özüydü – öz dili, öz mədəniyyəti, öz musiqisi ilə…
Malmöda iştirakçılar nə qədər mümkünsə, o qədər soyunmağa çalışır, öz əzalarını göstərmək üçün yarışırdılar;
Şuşada müxtəlif türk-müsəlman ölkələrindən gələnlər öz milli geyimlərini nümayiş etdirirdilər…
Malmödə “dəli rəqs” vardı – yalnız insanların qurşaqdan aşağı ehtirasını oyatmaq və hər şeyi dağıtmağa hazır beyindonması aşılamaq: finalçı o qədər qızışmışdı ki, kristal mükafatını belə sındırdı;
Şuşada təbiətlə ahəngdarlıq, harmoniya vardı;
Malmöda musiqi yalnız ayaqları tərpədirdi – Şuşada başı, könlü, ruhu, qəlbi…
Malmödə mavilər, geylər, homoseksuallar, lezbiyanlar “yeni dünya” təbliğatı aparanda Şuşada heç bir təbliğ yox idi – türklər özlərini, varlıqlarını, kimliklərini təqdim edirdilər…
Azərbaycan, səhv etmirəmsə, 2008-ci ildə bu yarışmaya qoşulub, 3 ilə qalib oldu, 2012-ci ildə “Avroviziya”nı Bakıda keçirdi.
Bu, o vaxt idi ki, Azərbaycan dünyaya öz həqiqətlərini çatdırmaq və milli hədəflərinə çatmaq üçün bütün imkanlardan maksimum istifadə edirdi: bütün resurslar buna köklənmişdi, bu yolda heç nəyi əsirgəmirdi. Milyonlar, bəlkə də milyardların Avroviziya və Avropa Oyunlarına xərclənməsinin yalnız və yalnız bir hədəfi vardı:
Şuşada “Xarıbülbül”ü keçirə bilmək!
Azərbaycan milli hədəfinə nail olduqdan, Şuşaya qalxdıqdan sonra “Avroviziya”ya göndərdiyi yarışmaçı heç finala keçə bilmir, yarımfinaldaca çıxdaş olur:
Çünki artıq Şuşa ucalığındayıq; indi regiona və regiondan kənara Şuşa ucalığından müraciət edirik; indi bizə COP29 lazımdır…
Dünən Şuşadan Malmöyə qəribə bir kosmik informasiya ötürüldü sanki.
Bəlkə də Şuşadan ötürülən bu informasiyaya görə Malmöda Şüşə mükafat çilik-çilik oldu…
Axı heç nə təsadüf olmur!