Dahi Azərbaycan şairi Nizami Gəncəvinin alman dilinə tərcümə olunmuş “Leyli və Məcnun” əsərinin Almaniyanın Frankfurt şəhərində yerləşən “Veltenlezer” kitab evində təqdimatı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb.
Tədbirdə iştirak edən Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami Gəncəvi yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşdiyini vurğulayıb.
Naşir Hans Jürgen Maurer isə çıxışında Nizami Gəncəvinin Azərbaycanın klassik şairi olsa da, beynəlxalq Vikipediyada hələ də fars şairi kimi təqdim edilməsinə təəssüf edib və belə layihələrin tez-tez keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda tanınmış alman aktyoru Stefan Bittoun “Leyli və Məcnun” əsərindən parçalar ifa edib.
“Leyli və Məcnun” əsərini öz dilinə alman tərcüməçisi Rudolf Qelpke çevirib.
Qeyd edək ki, alman dilində ilk dəfə 1963-cü ildə Sürixdə çap olunmuş “Leyli və Məcnun” əsərinin müəllifi Nizami Gəncəvi “fars şairi” kimi tanıdılmışdı. 2021-ci ildə Almaniyada Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilən kitabda isə şair auditoriyaya “dahi Azərbaycan şairi Nizami” kimi təqdim edilib.