Az qala hər həftə Rusiya hərbi kontingentinin müşayiəti ilə Qarabağ separatçılarının bir məntəqəsindən başqa məntəqəsinə silah daşımasına dair görüntülər yayılır. Növbəti görüntü avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin çatdırılmasıyla bağlıdır.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, separatçıların nəqliyyat vasitələrinin Rusiya hərbi kontigentinin müşayiəti ilə daşınmasının səbəbi aydındır:
“Rusiya hərbi kontingenti bu halda Azərbaycanın dronlarla havadan separatçıların nəqliyyat vasitələrinə zərbə endirməyəcəyi qənaətindədir. Bəli, biz Rusiya hərbi kontingenti ilə Qarabağda qarşırdurma istəmirik, ancaq onların separatçıları himayə etməsinə də seyrçi qalmamalıyıq. Fikrimcə, Azərbaycan Müdafiə Nazirliyi Rusiya hərbi kontingentinin komandanını Bakıya dəvət edib, ona bu şəkildə xəbərdarlıq etməlidir: “Separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik. Separatçıların nəqliyyat vasitələrini müşayət edən Rusiya hərbi kontingentinin şəxsi heyətinin zərər görməsini istəmirik, həmin nəqliyyat vasitələrinin müşayiət edilməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır, bu cür fəaliyyətin dərhal dayandırılmasını tələb edirik”.
Bu səpkili xəbərdarlığın Müdafiə Nazirliyi ilə eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də yayımlaması ciddi tədbirlərə əl atacağımızın təsdiqi olar”.