Xəbər - Humay Ağacanova – Trend:
30 noyabr tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi baş tutdu.
AzerTimes-ın məlumatına görə, “EU4Lankaran” proqramı Lənkəran-Astara iqtisadi regionuna və yerli icmalara bütün regionda meyvə-tərəvəz sektorunun səmərəli və davamlı, ekoloji təmiz və iqlim dəyişikliyinə davamlı həlli yollarında Avropa İttifaqının hərtərəfli dəstəyini təmin edir.
Proqramın əsas məqsədi regional ərazi planlaşdırma sisteminin yaxşılaşdırılması, yerli iqtisadi və ictimai əməkdaşlıq mərkəzlərinin yaradılması və müasirləşdirilməsi, meyvə və tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunda sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılmasıdır.
Lənkəran-Astara iqtisadi rayonunda inkişafın ölkə iqtisadiyyatdakı vacibliyini vurğulayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qeyd etdi: “Mən belə bir proqramın icra edildiyinə çox şadam, çünki Aİ regional inkişaf proqramlarında iqlim dəyişikliyinə və yaşıl iqtisadiyyata davamlılığı baxımından Azərbaycanla ən yaxşı təcrübələrini bölüşür”.
Tədbirdə, həmçinin “Lənkəran-Astara iqtisadi rayonuna Aİ dəstəyi” adlı texniki yardım layihəsinin, “Azərbaycanda sanitariya və fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi” adlı tvinninq layihəsinin, “Lənkəran-Astara iqtisadi regionda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyətinin əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı qrant layihənin təqdimatı keçirilib.
Tədbirdən sonra Ai-nin səfiri KOM-larla və turizm biznesinə başlayan Aİ tərəfindən maliyyələşdirilən “AqriViziya” layihəsi çərçivəsində təlim keçmiş fermerlərlə görüşüb və onlara sertifikatlar təqdim edib.
Bununla yanaşı, səfir Lənkəran Dövlət Universitetində Erasmus+ təhsil proqramının Milli koordinatoru və Gənc Avropa Səfirləri ilə birgə mühazirə keçirib.