Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, 10 iyul tarixində saat 21:15-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olmuşdur.
Qısa müddət ərzində Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunmuşdur.
Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Rameş Qubad oğlu Mustafayev xilas olaraq sudan çıxarılmışdır.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilmişdir.