Lənkəranda 10 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)

Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə
qarşı əməliyyat tədbirləri davam etdirilir.

Trend xəbər verir ki, bu istiqamətdə keçirilən ardıcıl
əməliyyatlarla daha 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10
kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə
çıxarılıb.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının
daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin
sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum
olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu
ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi
avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan
ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik
vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar
zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə,
A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış
müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq
götürülüb.

Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində
polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: