Ləman Ağayeva: “TEKNOFEST Azərbaycan” festivalı misli görünməmiş proqram zənginliyi ilə hər bir ziyarətçidə xoş təəssürat yaradacaq!

Müsahibimiz “TEKNOFEST Azərbaycan” ofisinin Marketinq üzrə rəhbəri
Ləman Ağayevadır.

Ləman xanım, “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı
mətbuatda gedən silsilə xəbərləri böyük maraqla izləyirik. Hazırda
müsabiqələrin gedişatı ilə bağlı son vəziyyət nə
yerdədir?

Bildiyiniz kimi, “TEKNOFEST Azərbaycan” festivalının 2022-ci
ilin 26 – 29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı
bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın
təşkilatçıları Türkiyə Teknoloji Takımı Vakfı (T3 Fondu),
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
“TEKNOFEST Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya
müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap
Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı təşkil olunacaq.
İlk dəfə olaraq sadalanan müsabiqə və tədbirlər çərçivəsində
məktəblilər, tələbələr, startap və fərdi sahibkarlar bir araya
gələcək. Sevindirici haldır ki, bu günə kimi 1000-ə yaxın komanda
müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan uğurla keçib.

Bir komandanın 3-4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, deyə
bilərik ki, ümumilikdə 5000-ə yaxın yuxarı sinif şagirdi, tələbə və
gənc sahibkar öz bilik və bacarıqlarını sınamaq üçün “TEKNOFEST”
festivalına qatılıb.

Xüsusilə vurğulamaq istərdim ki, sözügedən müsabiqələr üzrə
qeydiyyat 15 dekabr 2021-ci ildə başlamış və son müraciət tarixi 17
fevral olaraq müəyyən edilmişdi. Lakin çoxsaylı müraciətlər,
festivala olan böyük maraq və tələbələrin qış imtahan sessiyasını
nəzərə alaraq müvafiq müraciət tarixləri 28 fevrala qədər
uzadıldı.

Hazırda “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap
Sammiti və “Rocket League” üzrə Avropa Çempionatına qeydiyyat hələ
də davam edir.

Vurğulamaq istəyirəm ki, sözügedən hər 3 tədbir – “Smart
Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket
League” üzrə Avropa Çempionatı beynəlxalq tədbirlər hesab
olunduğundan Bakıya Avropadan yüzlərlə komanda və startap gələcək.
Əcnəbi iştirakçıları da nəzərə alsaq, “TEKNOFEST Azərbaycan”
festivalının miqyasının nə qədər böyük olduğunu aydın təsəvvür edə
bilərik.

Xatırlatmaq istəyirəm ki, “Take Off Baku” Startap Sammiti üçün
son müraciət tarixi 31 mart, “Smart Qarabağ” Hakatonu və “Rocket
League” üzrə isə 01 apreldir. Qarabağımızın işğaldan azad olunmuş
torpaqlarında bərpa işləri və infrastrukturun yenidən qurulması
istiqamətində innovativ həll yolları təklif etmək istəyən gəncləri,
kommersiyalaşdırıla bilən real məhsulla çıxış edən startapları və
kiber idman üzrə güclərini beynəlxalq çempionatda sınamaq istəyən
həvəskarları fəal iştiraka səsləyirəm.

Qeydiyyatdan uğurla keçən və müsabiqənin növbəti
mərhələsinə adlayan qaliblər nə vaxt elan olunacaq?

Qeyd edim ki, müsabiqələrin ən həyəcanlı mərhələIəri artıq
yaxınlaşmaqdadır. Belə ki, 1-ci mərhələdən uğurla keçən komandalar
18 mart tarixində elan olunacaq. Daha sonra növbəti mərhələyə
adlamış komandalar qarşısında yeni tapşırıqlar qoyulacaq.
Komandalar 6 may tarixinə kimi münsiflər heyətinə CDR (video
təqdimatların qəbulu) təqdim etməlidirlər. 2-ci mərhələni uğurla
keçmiş komandalar – yəni finalçılar 14 may tarixində elan
ediləcək.

Beləliklə, finala vəsiqə qazanmış komandalar 26 – 29 may
tarixlərində keçiriləcək müvafiq müsabiqələrdə iştirak hüququ
qazanmış olacaqlar. Ən həyəcanlı an bütün müsabiqələr üzrə 1-ci,
2-ci və 3-cü yerə layiq görülmüş və Mükafat fondunu əldə etmiş
qaliblərin elan edilməsi olacaq. Qaliblər Azərbaycan xalqı üçün
olduqca önəmli tarixi gündə 28 May – Müstəqillik Günündə elan
olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq bu tarixi heç də
təsadüfi seçməmişik. Müstəqil Azərbaycanın texnologiya sahəsi üzrə
bugünkü istedadları respublikamızın gələcək inkişafına önəmli töhfə
verə biləcək “smart” nəslin təmsilçiləridir.

Texnologiya məzmunlu yarışlardan başqa “TEKNOFEST” yerli
vətəndaşlarımıza və paytaxtımızın qonaqlarına nə vəd
edir?

“Bakı Kristal Zalı”nda baş tutacaq texnologiya müsabiqələri və
tədbirlərlə yanaşı, Dənizkənarı Milli Parkda misli görünməmiş
şoular təşkil olunacaq. Belə ki, “TEKNOFEST Azərbaycan” hər bir
ziyarətçidə olduqca xoş təəssürat və bayram ovqatı yaradacaq. Hər
kəs öz ailəsi, hətta azyaşlı övladları ilə birgə Dənizkənarı Milli
Parkda maraqlı vaxt keçirə biləcək. Biz ən balaca uşaqları belə
nəzərə almışıq, belə ki, Milli Parkda böyük aerokosmos mövzusuna
uyğun tərtib olunmuş “Kids zone” təşkil olunacaq. Balaca
ziyarətçilərimiz orada özlərini uzaq planetlərə səyahət etmiş kimi
hiss edə biləcəklər. Onlar virtual olaraq Aya və Marsa raketlə yola
düşə biləcəklər. Gün ərzində onları sevimli nağıl və cizgi
filmlərinin tanınmış qəhrəmanları, robotlar və transformerlər
əyləndirəcək.

Gün ərzində festivalın davam etmə müddəti neçə saat
nəzərdə tutulub?

Festival 4 gün ərzində, hər gün saat 10:00-dan 18:00-dək
fəaliyyət göstərəcək. Saat 18:00-dan 20:00-dək isə Azərbaycan və
Türkiyənin tanınmış DJ və müğənniləri qonaqlar üçün ən gözəl
mahnıları ifa edəcəklər. Saat 21:00-da isə festival Azərbaycanın
tanınmış və sevimli bəstəkarlarının musiqilərinin müşayiəti və ən
müasir lazer şou təqdimatı ilə sona çatacaq. Bundan başqa, gün
ərzində festivalın ziyarətçilərini və qonaqları başqa əyləncələr də
gözləyir.

Məsələn, “Wind tunnel” – “Külək tuneli” adlı əyləncədən danışmaq
istərdim. Həyatda elə bir insana rast gəlmək olmaz ki, o, həyatında
bircə dəfə də olsun uçmaq arzusunda olmasın. “Külək tuneli” bu işin
öhdəsindən gələrək ziyarətçilərə unudulmaz anlar yaşadacaq. Bundan
başqa, dünyada tanınmış “Kuka Robot Arm Robocaster” – “Robot qolu”,
720 dərəcə uçuş simulyatorları da əyləncə zonasında yer alacaq.
Gündə iki dəfə olmaqla, reaktiv kostyumla havada və suda uçuş
(Flyboard Show) şouları nümayiş olunacaq. Gecə vaxtları həm də “Led
Light Jacket” işıq saçan kostyumlu nağaraçıların paradı
keçiriləcək.

Bakı səmasını bəzəyən aviaşoular haqqında nə deyə
bilərsiniz?

Düzgün vurğuladınız. “TEKNOFEST” çərçivəsində Bakı səması da
ziyarətçilər və paytaxtımızın qonaqları üçün xüsusi təqdimata hazır
olacaq. İnanıram ki, Azərbaycan və Türkiyə pilotlarının möhtəşəm
aviaşouları hər kəsə həm iftixar, həm də qürur hissləri yaşadacaq.
10 komandadan çox “Solo Turk”, “Turk Yıldızları”, “Hürküş” və
Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin qırıcı
təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş
etdirəcəklər.

Qeyd edim ki, Azərbaycan və Türkiyə pilotlarının təqdimatında
baş tutacaq genişmiqyaslı aviaşou üzrə artıq aktiv hazırlıqlara
başlanılıb. Həmçinin Bakı səmasında “Solo Türk F16”, “Türk
Yıldızları F5”, helikopter 139, “СУ-25” və “MI-24” hava
nəqliyyatının uçuşları da gözlənilir. Festival çərçivəsində baş
tutacaq bu şou 4 gün ərzində (gündə 2 dəfə nümayiş şərti ilə)
keçiriləcək.

Bildiyimiz qədər festivalda, həmçinin sərgi zonası da
fəaliyyət göstərəcək…

Bəli, festivalda yaradılacaq sərgi zonası ziyarətçilərin böyük
marağına səbəb olacaq. Burada dövlət qurumlarının, müxtəlif
nazirliklər və kommersiya şirkətlərinin sərgi guşələri təşkil
olunacaq. Sərgidə, həmçinin Türkiyə pavilyonu da fəaliyyət
göstərəcək. Türkiyəni təmsil edən 55-dən çox şirkət, startaplar və
universitetlər öz son innovativ layihələrini ziyarətçilərə və
festival qonaqlarına təqdim edəcəklər.

Sərgidə, həmçinin Türkiyə və Azərbaycan Respublikasının Müdafiə
Sənaye nazirlikləri, Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi, Dövlət Sərhəd Xidməti də iştirak edəcək. Sərgidə, ən son
PUA-lar, “Bayraktar”lar, milli istehsal olan “İtiqovan”lar,
pilotsuz qırıcılar və ən son “Qızıl alma” adlı MİUS PUA nümayiş
olunacaq.

Fürsətdən istifadə edib hər kəsi bizimlə birgə bu festivalda
iştirak etməyə dəvət edirəm. İnanıram ki, “TEKNOFEST Azərbaycan”
festivalı çox uzun müddət yaddaşlarda qalan ən sevimli tədbirlərdən
biri olacaq.

Teqlər: