“Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər

Fransanın “Le Monde” nəşrində Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işləri, Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə soyuqluq yaratdığı bildirilir. Qeyd olunur ki, müharibə zaman Türkiyə Azərbaycana böyük dəstək verdi, rəsmi Paris isə Yerevanın tərəfini tutdu. Bu gün Fransanın aparıcı şirkətləri Qarabağdakı böyük tikinti layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər. Bir sıra şirkətlərin rəhbərləri mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Diqqətə çatdırılıb ki, Qarabağda inşasına başlanan hava limanının tikinti işləri avqustun sonunadək tamamlanacaq. Bu hava limanı Qarabağın incisi olan Şuşa şəhərinə xidmət edəcək. Bu, Azərbaycanda Bakıdakı hava limanından sonra əhəmiyyətinə görə ikinci aeroport olacaq. Türk şirkətləri azad olunmuş ərazilərin bərpasına fəal şəkildə cəlb ediliblər.

Həmçinin vurğulanıb ki, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini sakitcə balanslaşdırmağa çalışır və bu məqsədlə fevralda dövlət katibini Azərbaycana göndərib.

Məqalədə bir neçə fransız deputat öz təşəbbüsləri ilə Azərbaycana səfərindən də söz açılıb. Bildirilib ki, səfərdən sonra həmin deputatlar Milli Assambleya və Senatda beynəlxalq hüquqa zidd olaraq qəbul edilmiş, heç bir hüquqi əsası olmayan qətnamələrdən sonra bu iki ölkə arasında münasibətlərin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.

Yazıda vurğulanır ki, Fransa erməniləri dəstəklədiyi üçün Azərbaycan xalqı da fransız şirkətlərinin ölkədəki böyük layihələrdə iştirakını qəbul etməz.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetin sualını cavablandıraraq hazırda fransız şirkətlərinin əlverişsiz vəziyyətdə olmasının siyasi səbəblərdən asılı olmadığını bildirib. Amma qeyd edib ki, məsələn, Türkiyə kimi bəzi ölkələrə daha çox üstünlük verilir.

Teqlər: