LDU-da 18 oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsr edilmiş Elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə keçirilən konfransda müstəqilliyimiz uğrunda qurban gedən şəhidlərin xatirəsi ehtiramla yad olunaraq 1 dəqiqəlik sükutla anılıb.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayaraq onları bayram münasibətilə təbrik edib. Elmi-nəzəri konfransın MDU ilə birgə keçirilməsindən məmnunluğunu ifadə edən LDU rəsmisi bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansa da, təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. Ötən 30 il müddətində Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini deyən N.İbrahimov 44 günlük Vətən müharibəsinin qələbəmizlə bitməsini, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızın azad olunmasını Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. Qeyd edib ki, məhz bu qələbə sayəsində ölkəmiz regionda söz sahibinə çevrilib, daxili və xarici siyasətdə nüfuzu daha da artıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxışında Azərbaycanın son illərdə qazandığı uğurlardan bəhs edərək bildirib ki, bu gün xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir. Bu diqqət təhsil sahəsinin modern inkişafında özünü daha aydın göstərir.

Elmi-nəzəri konfransda MDU-nun dosentləri İlham Məmmədov “Ümummilli liderimizin yaratdığı Müstəqil Azərbaycanın 30 illik hərtərəfli inkişaf yoluna konseptual baxış”, Mahir İsmayılov “44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər müstəqilliyimizin şah əsəridir”, Ülkər Aşurova “Milli energetikamızın inkişafında müstəqillik dövrü”, LDU-nun dosentləri Gülbəniz Əliyeva “Müasir şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının sosial-iqtisadi aspektləri”, Zaur Məmmədov “Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələri və onun inkişaf perspektivləri”, Kamal Mahmudov “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi” mövzularında məruzə ediblər.

Məruzələr ətrafında müzakirələr keçirilib, fikir mübadiləsi edilib.

Konfransın sonunda Lənkəran Dövlət Universiteti ilə Mİngəçevir Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 5 il müddətinə imzalanan Memoranduma əsasən bundan sonra bu universitetlər arasında tələbə-müəllim mübadiləsi həyata keçiriləcək, birgə elmi tədbirlər təşkil olunacaq, elmi əməkdaşlıq genişləndiriləcək.

Konfransın yekununda xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin nümayəndə heyətinə LDU ilə əyani tanışlıq imkanı yaradılıb. LDU-nun yeni tədris korpusları, tam rekonstruksiya olunmuş Elmi kitabxanası, modern laboratoriyaları, yardımçı təsərrüfatı, turizm-təcrübə bazası, tələbə yataqxanası, yeməkxanası ilə tanışlıq qonaqlarda xoş təəssürat oyadıb. Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıqdan, son illərdə bu təhsil ocağında görülmüş çoxşaxəli işlərdən, tədris həyatındakı yeniliklərdən məmnun qaldıqlarını deyən MDU-nun rektoru Şahin Bayramov səmimi qarşılanmaya, yaradılan şəraitə görə LDU-nun rektoru Natiq İbrahimova minnətdarlığını bildirib, universitetlə tanışlığın, keçirilən tədbirlərin hər iki elm ocağı üçün faydalı olduğunu qeyd edib.

Teqlər: