Layihələrə cəlb edilən işçi qüvvəsi ilə Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır – SOCAR

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal
gücünün artırılması, Respublikanın AVRO-5 standartına uyğun olan
yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının
ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən
modernizasiya və yenidənqurma işləri (Layihə) davam edir.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya
xidmətindən AzerTimes-a bildirilib.

“Qeyd edilməlidir ki, əsaslı təmir işləri bitdikdən sonra Layihə
çərçivəsində tikintisi bitmiş qurğuların Baş Podratçılar tərəfindən
planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla
əlaqədar, Layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində
azalmalar başlamışdır. Bu isə öz növbəsində tikinti şirkətləri
tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması
ilə müşahidə olunur.

Qeyd olunmalıdır ki, bu cür layihələrdə podratçılar və tikinti
şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri
imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli
olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və
mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən
olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi
imzalan bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına,
o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə
əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin
azalması baş verir.

SOCAR olaraq bildirmək istərdik ki, tikinti şirkətləri ilə
onların sabiq işçiləri arasında olan münasibətlər mövcud
qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə
müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda, bu
kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən
qanunvericilik çərçivəsində müəyyən işlər görülür.

Son olaraq vurğulamaq istərdik ki, Modernizasiya Layihəsinin
icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı
təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından
etibarən ölkədə ilk növbədə Avro 5 Dizel istehsalının, daha sonra
digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi
nəticəsinə 2023-cü ilin ortalarından etibarən Avro 5 Benzin
istehsalının təmin olunması planlaşdırılır”, – məlumatda
deyilir.

Teqlər: