Xəbər - Çingiz Səfərli – Trend:
Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisindən Xəzər dənizinə lay sularının axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
AzerTimes-ın məlumatına görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, mütəxəssislərimiz tərəfindən Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğu müşahidə edilib: “Lay sularının idarə olunması vəziyyətinin araşdırılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib. Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub”.
N.Mahmudov bildirib ki, texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi Cəfərov Balaəli 2500 manat məbləğində cərimə edilib.
İdarə rəsmisi onu da qeyd edib ki, bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib.
Twitter:@cingizsafarli