Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun respublikada dövlət dili haqqında qanunun qəbulunun “tam demokratik deyil” sözlərini şərh edib.
AzerTimes xəbər verir ki, Japarov Qırğızıstan mediasına müsahibəsində Lavrovun reaksiyası ilə bağlı suala cavabında rusiyalı nazirin “Qırğızıstanın dövlət dili haqqında” qanunu oxumadan danışdığını bildirib.
“Bu qanunda rus dilinin ayrı-seçkiliyə məruz qalması ilə bağlı heç bir norma yoxdur. Əksinə, rus dili rəsmi dil kimi istifadə olunur. Bu müddəa Konstitusiyada da var. Bu normalar qalacaq”, – Qırğızıstan Prezidenti vurğulayıb.
Japarov deyib ki, yeni qanunun normaları müəllim və həkimlərə təsir etməyəcək:
“Təsəvvür edin ki, siz məktəbə milliyətcə rus olan rus dili müəllimini götürürsünüz. Mümkündürmü ki, ona “siz qırğızca bilmirsiniz” deyib işə götürməyək? Bizə rus dili də qırğız dili qədər lazımdır. Çünki rus dili olmadan MDB ölkələri ilə işləmək mümkün deyil. Çinə, ərəb ölkələrinə, eyni Avropa ölkələrinə səfər edəndə rus dilində də danışırıq. Qanunun qəbulu qırğız dilini inkişaf etdirmək istəyi ilə qəbul edilib. Dövlət qulluqçularının, deputatların çıxışlarına baxın – yarısı rusca, yarısı qırğızca. Biz nə tam rusca, nə də tam qırğızca danışırıq, hər zaman iki dili qarışdırırıq. Odur ki, gəlin hər iki dilə bərabər yiyələnək. Lazım gələrsə ingilis, fransız, çin dillərini də öyrənək. Nə qədər çox dil bilsən, bir o qədər yaxşıdır”.
Qeyd edək ki, Lavrov “Qırğızıstanda qanun qəbul edilib. Bu ideya ilk ortaya çıxanda biz qırğız dostlarımıza xəbərdarlıq etmişdik ki, bu, tam demokratik deyil. Mən bütün dövlət qulluqçularını qırğız dilini bilməyə və bu dildə işləməyə məcbur etməyi nəzərdə tuturam. Dövlət tibb müəssisələrinin həm müəllimləri, həm də həkimləri dövlət qulluqçuları kateqoriyasına daxil edilib” deyə bildirib.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün dövlət qulluqçularını dövlət dili statusuna malik qırğız dilində danışmağa məcbur edən qanunu imzalayıb.