Rusiya Xarici İşlər Nazirliyinin “Qarabağ”la bağlı son və yumşaq desək, qəribə bəyanatı “Kreml qüllələri”ndə postputin dövrü üçün hakimiyyət uğrunda mübarizənin başladığının daha bir sübutu sayıla bilər.
AzerTimes xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Zülfüqarov bildirib ki, bu qondarma “bəyanat”da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və Prezident Putinin bununla bağlı bəyanatlarının açıq-aşkar təhrif xətti var:
“Əslində, bu hal Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır.
Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, ya Putin öz mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik “kazuistika” istifadəsi çərçivəsində daxili və xarici oyunçulara mesaj verməyə çalışır ki, ”hakimiyyət tacı” aldığı halda Türkiyə-Azərbaycan tandeminə qarşı fəaliyyətə keçəcək. Lavrov hamıdan daha yaxşı başa düşür ki, Ərdoğan-Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də Lavrovun “kontorunda” hazırlanmış hələlik sakit, məntiqsiz strukturlu mətn onun “Priqojindən sonrakı Putin Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutudur.
Patruşev-Salivan xətti üzrə təmaslar, az qala rəsmi olaraq Putinin mümkün varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyunlarına başlamağa məcbur edən qıcıqlandırıcı amil oldu.
Biz də sakitcə ehtiyat toplayırıq və özümüz üçün “imkan pəncərəsi” gözləyirik.
Düşünürəm ki, sülhməramlılar bizi ərazimizi 10 noyabr bəyanatında nəzərdə tutulan vaxtdan daha tez tərk etməli olacaqlar”.