Lavrovun Bakıya növbəti xəyanəti…

Lavrovun Bakıya növbəti xəyanəti…

23 dekabrda Rusiyada keçirilməli olan XİN başçılarının üçtərəfli görüşünə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın qatılmaması və Moskvanın bundan hiddətlənməsi Azərbaycanın maraqlarına uyğun idi.

AzerTimes xəbər verir ki, A.Mirzoyandan fərqli olaraq, Ceyhun Bayramov görüşə qatılmaqla Bakının mövqeyini ifadə etmək üçün növbəti tribunadan məharətlə istifadə etdi.

Bunu Rusiya XİN başçısı Sergey Lavrov da bildirdi. Həmçinin o, Ermənistan tərəfinin görüşdən imtinasının diplomatik kanallar vasitəsilə deyil, mediadan öyrənməsindən məyusluğunu da dilə gətirdi.

Buna baxmayaraq, birgə mətbuat konfransında Lavrov ənənəvi olaraq Azərbaycana qarşı mövqeyini də göstərdi.

QAFSAM sədri Araz Aslanlı qeyd edib ki, ümumi götürdükdə, görüşün keçirilməsi, Azərbaycan-Ermənistan münasibətlərinin, problemlərin həlli yollarının və regional əməkdaşlıq imkanlarının müzakirə edilməsi müsbət dəyərləndirilə bilər:

“Ceyhun Bayramov ilə yanaşı Sergey Lavrovun da sülh prosesinin ləngiməsində, problemlərin həllinin zəif inkişafında Ermənistanı ittiham etməsi müsbət qarşılana bilər. Ümumiyyətlə, mətbuat konfransı (xarici medianın da diqqətini nəzərə alsaq) Azərbaycan üçün öz mövqeyini beynəlxalq aləmə çatdırmaq baxımından əlavə bir imkan oldu.

Görüşdə Azərbaycan və Türkiyə tərəfindən bir neçə dəfə gündəmə gətirilən 3+3 formatı ilə bağlı müsbət fikirlərin Lavrov tərəfindən səsləndirilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Ola bilsin ki, Rusiya bunu hazırda beynəlxalq aləmdə düşdüyü durumdan qurtulmaq üçün əlavə imkan kimi görür. Amma bütün hallarda bu formatın canlı olması regionun gələcəyi üçün gərginlikləri azaltmaq və əməkdaşlıq imkanlarını artırmaq istiqamətində potensial yarada bilər”.

Politoloq vuğrulayıb ki, bütün bunlarla yanaşı, Lavrovun israrla “Qarabağ”dan ayrıca subyekt (və hətta az qala “dövlət” kimi nəzərdə tutaraq müstəqil subyekt) kimi bəhs etməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik idi:

“Məsələn, Lavrov “Qarabağın rəyinin (mövqeyinin) öyrənilməsi” (“Burada iştirak edən bütün tərəflərin: Azərbaycan, Ermənistan və Qarabağın ictimai rəyini nəzərə almaq lazımdır”), “Qarabağ rəhbərliyi”, “Qarabağ ərazisi” kimi qüsurlu ifadələrdən istifadə etdi və Azərbaycan rəsmi nümayəndələrinin bu əraziyə daxil olmalarına sanki “Qarabağ rəhbərliyi” icazə verməyib kimi iddia irəli sürdü, bu ərazidən sanki Azərbaycanın deyil, onların suverenlik sahəsi imiş kimi danışdı (“Bildirilib ki, Qarabağ rəhbərliyi hazırda belə bir nümayəndə heyətinin bu rayonun ərazisinə səfərinə icazə vermək istəmir” – Lavrov).

Bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. İkitərəfli görüşlərdə bunu qarşı tərəfə mütləq çatdırmaq lazımdır. Birgə mətbuat konfranslarında qarşı tərəf bu yanaşmanı davam etdirdiyi təqdirdə Azərbaycan tərəfinin dərhal düzəldici açıqlaması olmalıdır”.

Zəruri olaraq əlavə edək ki, Qarabağın Azərbaycan ərazisi olması barədə Rusiya lideri hələ 2020-ci ildə iki dəfə açıqlama verib, üstəlik, 22 fevral 2022-ci il Moskva sazişində Rusiya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə hörmət etməsi ayrıca bənd olaraq əlavə edilib.

Teqlər: