Lavrov “Böyük”lərə meydan oxudu: Doktrinaya baxın!

Lavrov “Böyük”lərə meydan oxudu: Doktrinaya baxın!

Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Sergey Lavrovun çıxışı və bəyanatlarından əsas tezislər paylaşılıb.

AzerTimes xəbər verir ki, Lavrov həmin gün (19 noyabr – red.) Putinin nüvə doktrinasını imzalamasını xüsusi olaraq vurğulayıb.

“Bu gün biz rəsmi olaraq nüvə doktrinasını dərc etdik. Orada hər şey öz təsdiqini tapıb, prezidentin (Putinin) bir ay əvvəl ictimaiyyətə açıqladığı şeylər artıq qanunla təsdiqlənib. Ümid edirəm ki, onlar bu doktrinanı oxuyacaqlar”, – o bildirib.

Lavrov Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı ardıcıl mövqeyini təsdiqləyib və qeyd edib ki, bu, Sovet dövründən, Mixail Qorbaçov və Ronald Reyqanın nüvə müharibəsində qalibin ola bilməyəcəyini bəyan etdiyi vaxtdan bəri dəyişməz qalır:

“Biz nüvə silahını müstəsna olaraq çəkindirmə vasitəsi hesab edirik və nüvə münaqişəsinə yol verməmək prinsipinə ciddi əməl edirik”.

O, həmçinin deyib ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Qərbə məlum olmayan heç bir yenilik yoxdur və bu cür sənədlər üçün müəyyən edilmiş beynəlxalq standartlara cavab verir.

Rusiya XİN rəhbəri Ukraynadakı münaqişənin həllinə yönəlmiş sülh təşəbbüslərini dəstəklədiyini də xatırladıb:

“Məqsədlərinin müharibə deyil, sülh olduğunu bəyan edənləri dəstəkləməyə hər zaman hazırıq. Bu, layiqli mövqedir, biz bunu yüksək qiymətləndiririk”.

Sammitin əsas mövzularından biri beynəlxalq strukturlarda islahatların aparılması zərurəti olub. Lavrovun sözlərinə görə, Qlobal Cənub ölkələrindən gələn nümayəndə heyətlərinin əksəriyyəti Qərb ölkələrinin qlobal təsisatlarda üstünlüyünə işarə edərək, bərabərsizliklə mübarizəyə çağırıblar.

Teqlər: