Azərbaycanı qələbə və ərazi bütövlüyünün bərpası münasibətilə açıq təbrik edən Qazaxıstan nümayəndəsi (KTMT-nin baş katibi) Ermənistanda nə axtarır? Hələ Paşinyanın hakimiyyətə gəlişinin sübh çağında ağıllı adamlar ona Rusiya ilə hərbi-siyasi və iqtisadi ittifaqı saxlayaraq, iki kresloda oturmağa çalışmamağı, yəni Qərbə can atmağı tövsiyə edirdilər. Və onlar haqlı idilər. Tarixdə az adam uzun müddət iki stulda oturmağı bacarıb. Təəssüf ki, Nikol əməli məsləhətlərə qulaq asmadı, istər Rusiya ilə, istərsə də Qərblə flörtə davam etdi, nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrilməyə başladı.
AzerTimes xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Paşinyan müxtəlif paytaxtlarda fərqli vədlər verir, sonra isə belə qənaətə gəlir ki, onları eyni vaxtda həyata keçirə bilməz. Nəticə etibarı ilə onun siyasəti ermənilərə qarşı laqeyidliklə yekunlaşdı – 44 günlük müharibə zamanı nə Rusiya, nə də Qərb ermənilərə əməli yardım göstərdi. Son il yarımda Nikol, deyəsən, xarici siyasətdə ciddi dəyişiklik etməyə başladı. Qərb platformalarında Bakı ilə danışıqlara üstünlük verdik, Fransa ilə daha da yaxınlaşdıq, AB-nin missiyasını ərazimizə dəvət etdik. Özü də sərhədimizə KTMT missiyası göndərmək istəyən Moskvaya rəğmən bunu etdik. Paralel olaraq, Rusiyaya qarşı getdikcə demarş etdik. Xüsusən də KTMT sammitində yekun bəyannaməni imzalamamaqla, bu blokun təlimləri üçün öz ərazisini verməkdən imtina etməklə, Mirzoyanı Moskvada planlaşdırılan üçtərəfli görüşə göndərməməklə və “Putin NATO-su”nun baş katibinin müavini vəzifəsinə kvotadan imtina etməklə. Bunlar Paşinyanın və komanda üzvlərinin, ilk növbədə Simonyan və Qriqoryanın Moskva və KTMT-yə qarşı sərt ritorikası ilə müşayiət olundu. Lakin vəziyyət yenidən dəyişməyə başlayıb”, – o bildirib.
Arşakyan qeyd edib ki, Paşinyan yenidən iki stulda oturmağa çalışır:
“Birincisi, İrəvan nədənsə KTMT baş katibini qəbul edib, ona, İstisuya (Cermuk) getməyə etməyə icazə verdi. Nə üçün? Axı keçən il İstisu (Cermuk) “düşmən atəşi” altına düşəndə bizim müdafiəmizdə KTMT-dən bir it belə danışmadı.
İkincisi, məlum olur ki, Ermənistan və Rusiya dollar və avro ilə ödənişləri tamamilə dayandırıb. Biz mallarımızı “taxta”, yəni dünyada heç kimə lazım olmayan rublla alırıq. Niyə? Amerika və Avropa valyutası bizə lazım deyilmi? Yoxsa biz sadəcə Moskvanı razı salmaq istəyirik? Ötən ilin yekunlarına görə Ermənistandan Rusiyaya tədarük 4 dəfə artırılıb. Bunun müqabilində isə rubl alırıq və dünya ictimaiyyətinin qınaqına tuş gəlirik. Çünki Rusiyanın qaydaları ilə oynamağa razılaşdıq.
Üçüncüsü, məlum oldu ki, Mirzoyan martın 20-də Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gedəcək. Danışıqlarda nazirlər ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılan addımları müzakirə edəcəklər.
Anlamıram, Rusiya Qarabağın təhlükəsizliyinin təminatçısı kimi funksiyasını yerinə yetirməkdən imtina edərək, açıq şəkildə Bakının tərəfini tutursa, onunla nədən danışmaq olar? Axı Lavrovun Moskvada azərbaycanyönümlü gündəmi saxlayacağı tamamilə göz qabağındadır.
Paşinyan Rusiyanın qucağından qurtulmadan Qərbə üz tutur. Amma bu, İrəvan üçün daha böyük təhlükələrlə dolu istiqamətdir. Bizi ikiüzlü hesab edəcəklər və müharibə baş verərsə, İrəvana heç kim kömək etməyəcək. Ordumuzdakı fəlakətli vəziyyəti nəzərə alıb, güclənmək əvəzinə “beşinci kolon” axtarırlar. Ermənistan dövlətçiliyinin özü tamamilə yox olmaq təhlükəsi ilə üzləşir. Paşinyan qəti addımı atmalıdır – KTMT və Aİİ-dən çıxıb, Qərb inkişaf vektorunu elan etməlidir. Yalnız bu halda biz Qərbin anlayışına, onun dəstəyinə arxalana biləcəyik”.