Azərsu ASC Sumqayıt şəhərində içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.
ASC-dən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri gücləndirib. Bu məqsədlə Sumqayıt şəhərində keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz istifadə halları aşkarlanıb.
Bakı-Quba yolundakı “Las Vegas” restoranında suyun talanması faktı aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan restorana çəkilmiş 32 mm diametrli boru ilə sudan qanunsuz istifadə edib. Oxşar vəziyyət “Asfaltzavod” adlanan ərazidə fəaliyyət göstərən daş sexində də aşkarlanıb. Bu obyektin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan uçotsuz istifadə edib. Çerkassi küçəsində yerləşən avtomobil təmiri sexinin sahibi də fərdi xəttini özbaşına şəbəkəyə qoşub.
Nəzarət tədbirləri zamanı kommersiya obyektləri ilə yanaşı, fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə halları aşkarlanıb. Xəzər bağları adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su şəbəkəsinə qeyri-qanuni birləşmələr verərək mənzilləri içməli su ilə təmin edib.
Aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bu ilin yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 4 817, Sumqayıt şəhərində isə 72 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.