Lamber: Fransa Senatının qətnaməsi biabırçılıqdır!

Lamber: Fransa Senatının qətnaməsi biabırçılıqdır!

Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lamber Fransa Senatının qəbul etdiyi qətnaməyə sərt etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildirilib ki, ADA prezidentinin Fransa Senatına ünvanlanan məktubunda bu qətnamənin qəbulu biabırçılıq adlandırılıb.

Məktubda deyilir: “Çərşənbə axşamı, 2022-ci il noyabrın 15-də Senat Konstitusiyanın 34-1-ci maddəsinə əsasən, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə təklifini qəbul edib.

Fransa senatorları bilməlidirlər ki, beynəlxalq hüquqa əsasən, 1992-ci ildən Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistandır. Bu məqamı buraxmaq sülh axtarışı yolunda özünü daha diskvalifikasiya edən Fransa Senatı üçün biabırçılıqdır.

Respublika Prezidenti Emmanuel Makron daha müdrik və daha məlumatlı görünür, çünki bu yaxınlarda Fransanın 1991-ci il sərhədlərini tanıdığını təsdiqlədi, Azərbaycanın beynəlxalq hüquq baxımından haqlı olduğunu sübut etdi. Təcavüzkarı işğal olunmuş ölkə ilə qarışdırmayın.

Bəs bu gün Ermənistan nə deməkdir? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (bu, həm də Belarusu birləşdirir) çərçivəsində Rusiya ilə müttəfiqlik edən Ermənistan BMT-də Ukraynaya təcavüz və işğalı pisləmək üçün səsvermə zamanı bitərəf qalıb. Deməli, bizim senatorlar bütün bunları bilmirlər? Doğrudanmı onlar Fransada mövcud olan erməni lobbisinə bu dərəcədə yaxındırlar ki, onun əlində oyuncaq kimi hərəkət edirlər?

Sülh ancaq həqiqəti dərk etməyin nəticəsi ola bilər. Senatorların səsverməsi bu perspektivi kölgədə qoya bilər, amma xoşbəxtlikdən bu səsvermə həm də onların reallıqla bağlı baxışlarının boşluğunu göstərəcək.

Danışıqlar aparılır və biz onları dəyərləndirməliyik. Digər tərəfdən, biz bəzi erməni ekstremistlərinin qisasçı çıxışlarını rədd etməliyik. Onlar Fransada bizim torpaqlarımızda qurbanlara səbəb olan bir sıra terror aktlarına görə məsuliyyət daşıyan ASALA terror təşkilatını şəksiz dəstəkləyiblər. “Yaddaşı xarab” senatorlar yəqin ki, bunu unudublar.

Sülh yolunu biz unutqanlıqda və yalanda tapmayacağıq. Bu qətnamə tarixə düşməyəcək”.

Teqlər: