Laçının işğaldan azad edilməsindən 4 il ötür

Laçının işğaldan azad edilməsindən 4 il ötür

Laçının işğaldan azad edilməsindən 4 il ötür.

AzerTimes xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər – 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, – dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Teqlər: