Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əslində ermənilərin Xankəndiyə daşımalarında alətə çevrildiyini təxmin etmək üçün xüsusi avadanlıqlara qəti ehtiyac yoxdur.
Hər gün “Laçın” polstundan BQXC-nin orta hesabla 15-20 “ağır xəstəni” İrəvana apardığı, bir o qədərini də geri qaytardığı haqda məlumat yayılırdı. Doğrudanmı cəmi 30 min civarında olan Xankəndi və ətrafında məskunlaşan ermənilər arasında hər gün 15-20 nəfər ağır xəstə olur?
Qətiyyən inandırıcı deyil: bu şəxslərin BQXC-nin təcili yardım maşınlarından xaricə (Ermənistana) səyahət məqsədilə sui-istifadə etməsi artıq şübhə doğurmurdu. O şəxslərin “ağır xəstə” olduğu haqda arayışı verən də, onları guya qəbul edən də ermənilərdir və bunun alverə çevrilmədiyini kimsə iddia edə bilməz. Hər halda “Laçın” postunda BQXC-nin aparıb-gətirdiyi şəxslərin doğrudan da xəstə olub-olmadığını müəyyən etmək üçün azərbaycanlıların tibbi komissiya çalışmır.
Digər tərəfdən, ermənilər aylardır “blokadadan” danışırlar, yanacaq “qıtlığından” əziyyət çəkdiklərini deyirlər, ancaq marşrutları da, şəxsi maşınları da işləyir.
Ermənilər aylardır qida sarıdan çətinlik çəkdiklərini bildirirlər, mağazalardan yayılan reportajlarda xüsusi qıtlıq olduğu qətiyyən görünmür.
Xankəndidə nə qədər “rezerv” varmış ki, bu icmanın yanacaq ehtiyatı bitib-tükənmir? Xankəndi separatçılarının nə qədər qida ehtiyatı var ki, Azərbaycanın Ağdamdan bazarlıq etmək təklifindən imtina edirlər?
Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı məlumat bir daha təsdiqlədi ki, Ermənistandan BQXK-nin vasitəsilə Xankəndiyə yanacaq da daxil olmaqla, müxtəlif məhsullar qanunsuz olaraq daşınırmış.
Qarabağda, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyətlərini davam etdirən separatçılar bütün vasitələrdən istifadə edərək, inteqrasiyaya imkan vermir, müddəti uzatmağa çalışır, hansısa möcüzəvi günü gözləyir və yaxud ”o günə” hazırlaşırlar. Buna görə erməni qanunsuz silahlı dəstələri Qarabağda hərbi daşımalar da həyata keçirir, fortifikasiya qurmağa da cəhd edir, hətta Ordumuzu atəşə də tuturlar.
Vaxtaşırı olaraq qanunsuz erməni silahlıların “təlimi” də keçilir və yaxud erməni gənclərə silahdan istifadə qaydaları, dəqiq atışlar öyrədilir. Bunun görüntülərini də fəxrlə sosial şəbəkədə paylaşırlar. Aylardır davam edən bu proses üçün resurs lazımdır. Onlara silah-sursat dəstəyi göstərilmir ki?
Erməni mediası rus sülhməramlı kontingentin təchizatı helikopterlərlə həyata keçirdiyi və buna Azərbaycan DSX-nin razılıq verdiyi haqda məlumat yayıb. Helikopterlə təchizat daşıyan rus sülhməramlılar Xankəndidəki separatçı-terrorçular üçün nəsə daşıya bilərmi?
İndi BQXC-nin qanunsuz daşımalarda separatçılara alət olduğu üzə çıxdı və “Laçın” postu yenidən bağlandı. Bəs, hava nəqliyyatı ilə qanunsuz və cinayət xarakterli daşımaların olmadığı haqda hansı əminlik var?