Laçında yeni həyat

Laçında yeni həyat

1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın şəhəri günü” elan edilib. 3 il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhərində yeni həyat başlayıb. İlk Laçın şəhər günündə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək demişdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”

Bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident bildirmişdi ki, “…23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz bu ilin 23 aprel tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. 19-20 sentyabr tarixlərində keçirilən anti-terror tədbirlərindən sonra isə Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yuva salmış xunta rejiminin qalıqları bir sutka ərzində təslim oldular. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.

Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir.

Rayonun yol-nəqliyyat infrastrukturu da yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur.

Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Laçında yeni həyat başlayır. Tezliklə Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də inşa ediləcək. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bu ilin 28 may tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inam və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar güşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.

Teqlər: