Azərbaycan artıq Ermənistanla olan ölkə sərhədinin Laçın rayonu istiqamətində sərhəd-nəzarət buraxılış məntəqəsini quraşdırıb. Bu məsələ ilə bağlı Ermənistan mediası da informasiya yayır. Sərhəd-buraxılış məntəqəsi bəhs etdiyimiz ərazinin yaxınlığında ermənilər tərəfindən əvvəlcədən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlıların buraxılış məntəqəsinin arasında qurulub.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert məntəqənin quraşdırılmasının Ordumuza əlavə nəzarət və yoxlama imkanları verəcəyini vurğulayıb:
“Azərbaycan dəfələrlə müxtəlif səviyyələrdə qarşı tərəfə sərhəddə nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasını təklif edib, lakin məlum olduğu kimi, Ermənistan hər dəfə fərqli bəhanələrlə bundan boyun qaçırıb. Zabux və Cağauz kəndlərinin də nəzarətimizə keçməsi imkanlarımızı genişləndirib. Doğrudur, hələlik sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. Ancaq yaxın müddətdə bunun olacağını düşünürəm. Nə qədər cəhd etsələr də, Rusiya və Ermənistanın sərhəd-nəzarət buraxılış məntəqəsinin qoyulmasına mane olacaq imkanları qəti yoxdur və onlar dövlətimizlə hesablaşmalıdırlar. Bütün parametrlər üzrə üstünlük Şanlı Ordumuzun tərəfindədir”.