Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.
AzerTimes xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpası və yenidən qurulması, gələcək inkişafının təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə, Zerti Aqro-Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi. Laçında aparılan tikinti-quruculuq, bərpa işləri çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd olundu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrası davam edən və planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə ətraflı məlumat verdi və bu tədbirlərin icrasında işçi qruplarının əlaqələndirici rolunun vacibliyini vurğuladı.
İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərin fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verildi.
Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır.
İşğal dövrünə qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağından 36-sı monitorinq və təftişə cəlb edilərək ehtiyatları yenidən qiymətləndirilib.
Laçın rayonu ərazisində müvafiq cihaz və avadanlıqlarla təchiz olunmuş 1 ədəd avtomatik radioekoloji stansiya quraşdırılaraq, istifadəyə verilmiş və 1 ədəd avtomat meteoroloji stansiyanın quraşdırılması planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 Şahin quşu və 4 baş Şərqi Qafqaz turu , eləcə də Həkəriçay hövzəsinə 33 500 forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Laçın rayonunda 3600 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Həmçinin “Böyük Qayıdış I Dövlət Proqramı”nda 2024-2026-cı illərdə Laçın rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa tədbirləri planlaşdırılır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, Laçın Dövlət Təbiət Yasaqlığının və Qaragöl Dövlət Təbiət Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə təsirlər, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığışdırılması işinin təşkili, Laçın şəhərində infrastruktur layihələrinin icrası zamanı yaşıllıqların mühafizəsi və bərpası perspektivləri barədə məlumat verdi.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Laçın şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri barədə məlumat verildi. Laçın şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya tələbatının ödənilməsinə hesablanmış içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması üzrə yeni layihə-smeta sənədləri hazırlanıb. Şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Quyu zonasında nasos stansiyası, sutoplayıcı kamera, zərərsizləşdirici qurğu, anbar və digər yardımçı binalar tikilib. Nasos stansiyasında nasoslar, dayanıqlı elektrik təchizatı məqsədilə generator və 2 ədəd transformator quraşdırılıb. Su mənbəyindən Laçın şəhərinə içməli suyun verilməsi pilləli nasoslar vasitəsilə veriləcək. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində nasoslar quraşdırılır. Su mənbəyindən Laçın şəhərinədək polad borularla 10 kilometr uzunluğunda magistral su kəməri inşa edilib. Mənbədən şəhərdəki anbarlara suyun ötürülməsi məqsədilə 3 nöqtədə nasos stansiyasının tikintisi yekunlaşmaq üzrədir.
Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər barədə məlumat verdi.
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Pənah Muradov Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri barədə məlumat vermişdir. İşğaldan azad edilmiş ərazilərdə kəhrizlər sisteminin inkişaf etdirilməsinin iqtisadi aspektlərinin qiymətləndirilməsi və mövcud ehtiyatların idarəedilməsi məqsədilə müvafiq tədqiqatlarının aparılması tövsiyə olundu.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndəsi tərəfindən işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, o cümlədən peyk təsvirlərindən istifadə edilməklə ötən illərlə müqayisədə cari ildə ümumi vegetasiya vəziyyətinin monitorinqinin aparılması və quraqlıq səviyyəsinin öyrənilməsi işləri, Kəlbəcər və Laçın rayonları ərazisində yaşayış məntəqələri salınacaq ərazilərin mühəndis-geoloji, hidrogeoloji, seysmik-geoloji və iqlim şəraitinin qiymətləndirilməsi işləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal və topoqrafik xəritələrin hazırlanması işləri, kənd təsərrüfatı təyinatlı ərazilərdə torpağın su eroziyası riskinin qiymətləndirilməsi işləri, işğaldan azad edilmiş rayonlarda su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə mövcud su təsərrüfatı və meliorasiya obyektlərinin cari vəziyyətlərinin qiymətləndirilməsi işləri, bu ərazilərdə baş verən yanğınların monitorinqləri barədə məlumat verildi.
İclasda dəvət olunan digər qurumlar tərəfindən tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kıçık su elektrik stansiyaları barədə məlumat verildi.
İclasda, həmçinin aidiyyəti qurumlara Laçın-Şuşa yolunda ətrafa atılmış tullantıların yığışdırılması, Füzuli-Şuşa yolunun və Zəfər yolunun kənarlarında yol tikintisi aparılan dövrdən qalmış ağac-kol tör-töküntülərinin yığışdırılması işinin təşkil edilməsi, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün xəritələrin hazırlanması və su mənbələrinin yaradılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
Sonra iştirakçılar Zerti Aqro-Sənaye Parkının işi ilə tanış olublar.