Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında
dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci
rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Trend Müdafiə
Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlcə
ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi
bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.
Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması,
xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci
rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər
barədə geniş məruzələrlə çıxış ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və
qayğı xüsusi vurğulanıb.
Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət
aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş
qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin
yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin
tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən
hərbi qulluqçular təltif olunublar.