Bu günə kimi AzərEnerji ASC tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon KVt/saatdan artıq ekoloji cəhətdən “yaşıl enerji” istehsal edilib.
Bu barədə AzerTimes-a “AzərEnerji”dən məlumat verilib.
Bildirilib ki, 77 milyon KVt/saat “yaşıl enerji”nin istehsal edilməsi ilə 18 milyon kubmetr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ən əsası ekosistemin qorunması üçün zəruri tədbirlər görülüb, stansiyalarda Avropa istehsalı olan eko-turbinlər quraşdırılıb.
Məlumatda deyilir ki, hazırda Laçın rayonunda ümumi gücü 40 MVt-dan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Daha doğrusu artıq 14,25 MVt gücündə “Ağbulaq” Su Elektrik Stansiyasında işlər tamamilə yekunlaşıb. 14,7 MVt gücündə “Ağbulaq-2”, 4 MVt gücündə “Qaraqışlaq”, 3,5 MVt gücündə “Mirik” və 2,8 MVt gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.
Qeyd edilib ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması və digər mütərəqqi prinsipləri özünə prioritet seçən və 2024-cü ili “yaşıl” dünya naminə həmrəylik ili elan edərək COP-29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanda “yaşıl enerji”nin əhatəsi sürətlə genişləndirilir. Xüsusən də işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ardıcıl şəkildə su elektrik stansiyaları yaradılır.
“Yaşıl enerji” strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır. Belə ki, bugünə kimi Laçın rayonunda 8,25 MVt gücündə “Mişni”, 8 MVt gücündə “Güləbird”, 6 MVt gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 MVt gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib.