Laçında bayrağımız dalğalandı, qaldı Xankəndi… – Ağar

Laçında bayrağımız dalğalandı, qaldı Xankəndi… – Ağar

Laçın yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün son dərəcə önəmli simvol şəhərdir. Ona görə Laçının 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi və alternativ yolun çəkilməsi ilə yenidən aid olduğu Azərbaycanın nəzarətinə keçməsi hamımızı ürəkdən sevindirir.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert Azərbaycanın Laçının azad olunması ilə bütün dünyaya öz qətiyyətini, gücünü göstərdiyini və hələ də xülyalar içərisində yaşayanlara ciddi mesaj verdiyini vurğulayıb:

“Ermənistan işğaldan sonra Laçında, Zabux və Sus kəndlərndə demoqrafik vəziyyəti birdəfəlik dəyişmək üçün ora qanunsuz şəkildə Livan və Suriyadan erməni ailələrini köçürmüşdü. Çünki onlar həmişəlik orada qalacaqlarını düşünürdülər. Laçının azad olunması Azərbaycanın Ermənistanın oynadığı kirli oyunları pozaraq göstərdiyi qətiyyətin nümayişi baxımından da xüsusi önəm daşıyır. Digər tərəfdən Azərbaycan regionda sülh və sabitlik, qonşularla əməkdaşlıq şəraitində yaşamağı qarşısına məqsəd qoyan bir siyasi kursu mənimsəyib. Laçın qələbəsi eyni zamanda Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün danışıqlar apararkən öz haqqını, özünün olanı güzəştə getməyəcəyini, geri addım atmayacağını göstərir. Bu, həm də Bakının rus sülhməramlıların nəzarətində olan və separatçı tör-töküntülərinin hələ də mövcud olduğu Xankəndidə də üçrəngli bayrağın mütləq dalğalanacağı haqqında bütün dünyaya verdiyi mesajdır. Türkiyə də sonadək Azərbaycanın yanında olacaq. Eyni zamanda Laçının azad olunmasının Malazgird döyüşü, Sakarya meydan müharibəsi və Böyük Hücumun ildönümləri ilə üst-üstə düşməsi də möhtəşəm tarixi hadisədir. Sakarya meydan müharibəsi ilə Türkiyə davamlı torpaq itkisi ilə nəticələn iki yüz illik gedişatı dayandırdı. Eynilə Gülüstan və Türkmənçay müqavilələri və ondan sonra davamlı torpaq itkiləri ilə üzləşən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tarixin bu gedişatını dəyişdirərək özü tarix yazmağa və işğal altındakı ərazilərini azad etməyə başladı. Laçının yenidən Şanlı Azərbaycan Ordusunun nəzarətinə keçməsi bu qələbələrin davamıdır və yaxın zamanda Xankəndidə üçrəngli bayrağın dalğalanacağına olan ümidlərin gerçəkləşəcəyinin təminatıdır”.

Teqlər: