Laçında “Laçının daş yaddaşı” adlı açıq səma altında muzey yaradılacaq.
AzerTimes xəbər verir ki, Mədəniyyət Nazirliyi belə bir muzeyin yaradılması ideyasını bəyənib və dəstəkləyib.
Muzeydə nümayiş etdiriləcək daşlar rayonun kəndlərində toplanılaraq Laçın şəhərində yerləşən Yun zavodu adlanan əraziyə gətirilib.
Daşları laçınlı ziyalılar Azər Məmmədov və Akif Binəyerli toplayıb.
“İzi itməkdə olan qədim qəbiristanlıqlarda olan 7-8 ədədi istisna olmaqla qalanı baxımsızlıq ucbatından və qızılaxtaranlar tərəfindən qazılaraq bir kənara atılıb. Dağ yamaclarına yuvarlanmış şəkildə qalaraq itib batmaq üzrə olan bu tarixi əsərlər Laçının mərkəzində açıq muzeydə qorunacaq. Həmin abidələrin elmi cəhətdən araşdırılması yolu ilə tariximizi öyrənmək mümkün olacaq”, – A.Məmmədov bildirib.
Onun sözlərinə görə, kəndlərdən, meşələrdən, dağ yamaclarından, kolluqların içindən böyük çətinliklər hesabına 65 ədəd abidəni toplayaraq Laçına gətiriblər.
Ermənilərin vandalizmə məruz qoyduğu daşlar tezliklə Laçın şəhərinin mərkəzində açıq səma altındakı muzeydə üç dildə nümayiş olunacaq.