Laçın postu: Ermənistan vətəndaşları da keçir?

Laçın postu: Ermənistan vətəndaşları da keçir?

Ölkəmiz Laçın yolunun girişində, Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi qurmaqla suveren sərhədlərinə tam nəzarəti bərpa edib. Ötən gün Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı yayılan video isə ictimaiyyət arasında rəğbətlə qarşılanıb.

Buna baxmayaraq, bir çox suallar da yaranıb:

1. Azərbaycanın quru sərhədləri bağlı olduğu halda Ermənistanla sərhədlər niyə açıqdır?

2. Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan erməni icması sərhəddən gedib-gələrkən pasportlarına möhür vurulurmu?

3. Ermənistan vətəndaşlarının sərhəd postumuzdan keçidi necə tənzimlənəcək?

Videolardan görünür ki, sərhəd-buraxılış məntəqəsində kameralar quraşdırılıb, Azərbaycanın digər sərhəd-buraxılış məntəqələrində olan bütün şərait burada da yaradılıb. Erməni mənbələrin iddiasına görə, Laçın sərhəd-buraxılış məntəqəsindən keçənlər Xankəndi və ətrafında yaşayan erməni sakinlərdir. Onların pasportlarına möhür vurulduğu görünmür.

Bu isə o deməkdir ki, Laçın postunda müəyyən istisnalar tətbiq edilir:

1. Qarabağda məskunlaşan erməni icmasının Ermənistana maneəsiz gedib-gəlməsinə şərait yaradılır və 10 noyabr 2020-ci il bəyanatının tələbinə əməl edilir;

2. Quru sərhədlərimizlə bağlı qadağa Laçın postunda tətbiq edilmir – bu da Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğundur.

Bütün bunlar erməni icmasının guya blokadaya alındığı haqda saxta təbliğata qarşı tutarlı faktlardır: Azərbaycan Laçın yolundakı sərhəd postunda xüsusi istisnalar tətbiq etdiyini nümayiş etdirir.

Əsas məsələ Ermənistan vətəndaşı olan şəxslərin Laçın sərhəd-keçid məntəqəsindən keçidi ilə bağlıdır. 10 noyabr 2020-ci il bəyanatında “Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi” ifadəsindən istifadə edilib. Burada Ermənistan vətəndaşlarının bu yoldan maneəsiz istifadəsi haqda heç bir söz yoxdur.

Nikol Paşinyan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirməli olan maneəsiz yol haqda “dəhliz” sözünün bəyanatda işlənməməsindən sui-istifadə edərək, dəhliz məntiqini rədd etməklə məşğuldur. Bu isə Azərbaycana əsas verir ki, bəyanatda “Ermənistan vətəndaşları” ifadəsi işlənmədiyindən, Qarabağla Ermənistan arasındakı yoldan maneəsiz gediş-gəlişə görə yalnız Qarabağda məskunlaşan erməni icmasına müəyyən müddət üçün maneəsiz gediş-gəliş imkanı tanısın. Ancaq bu imkan heç bir halda Ermənistan vətəndaşlarına yaradıla bilməz.

Ermənistan vətəndaşları xarici ölkəni təmsil edirlər və Azərbaycan sərhəd-keçid məntəqəsindən keçərkən, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Teqlər: