“Laçın” məntəqəsinin təyinatı budur – Qafarov

“Laçın” məntəqəsinin təyinatı budur – Qafarov

Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi tarixi Qələbə ilə başa vurdu. Bunun nəticəsi olaraq torpaqlarımızın otuz illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Müharibənin başa çatmasından artıq üç ilə yaxın bir müddət keçsə də, Azərbaycan siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdədir. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində – Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Əlbəttə ki, nə ermənilər, nə də onların himayədarları bu faktı həzm edə bilirlər. Buna görə də həmin qüvvələr artıq neçə müddətdir ki, ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu kimi cəhdlər heç bir nəticə verə bilməz. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür:

“Birmənalı olaraq Azərbaycan-Ermənistan sərhəddində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin əldə etdiyi ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi qiymətləndirmək lazımdır. Bu hadisə tarixi ədalətin daha bir təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmənin indi şanlı bayrağımızın altından keçməsini, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanmasını izləmək olduqca qürurverici haldır. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş Vaqif Xaçatryan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Ermənilərin və onların havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu”.

K.Qafarov “Laçın” sərhəd-buraxılış məntəqəsinin təyinatından bəhs edərək deyib:

“Aydındır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Bu məntəqənin qurulması ilə Azərbaycan ərazisində hələ də qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısı alınıb. “Laçın” sərhəd-buraxılış məntəqəsi ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır. Diqqətəlayiq haldır ki, bir müddət əvvəl “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi də öz təsdiqini tapıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı ilə Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd olunub, “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialar qəti şəkildə təkzib edilib. Bu qərar, şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təntənəsinin bariz təzahürüdür”.

Teqlər: