Bu, hər iki tərəfdən gözlənilən vacib görüşdür.
Bu sözləri AzerTimes-a politoloq İlqar Vəlizadə Azərbaycan XİN rəhbərinin Ankaraya səfərinin məqsədi haqqında şərh verərkən deyib.
O bildirib ki, tərəflər prioritetlərini öncədən müəyyənləşdiriblər, müzakirələr də buna uyğun olaraq aparılır:
“Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfərində yəqin ki, postmünaqişə tənzimlənməsi, müxtəlif sahələrdə ikitərəfli dialoq, Türkiyə və Azərbaycan münasibətlərinin regional və beynəlxalq səviyyədə təsiri əsas müzakirə olunan məsələlərdəndir.
Həmçinin münasibətlər yeni mərhələyə qədəm qoyub. Türkiyədə bu yaxınlarda prezident və parlament seçkiləri baş tutub. Yeni hökumət formalaşıb və Azərbaycan bu hökumətlə əməkdaşlığını bir daha təsdiq edir“.
Laçın ətrafında baş verən son hadisələrin Türkiyənin də diqqətində olduğunu bildirən politoloq hesab edir ki, Ankara məsələyə səbirli yanaşmağın tərəfdarıdır:
“Türkiyə regionda gedən proseslərin tənzimlənməsində daha çox Azərbaycanın rolunu ön plana çıxarır. Çünki Azərbaycan özü problemlərinin həll etmək iqtidarındadır. Türkiyənin burada hər hansı formada Azərbaycana yardım göstərməsi gərəkli deyil. Ona görə də Türkiyə hazırda Laçın yolu ətrafında baş verən hadisələrə təmkinlə yanaşır. Digər tərəfdən, Ermənistan Türkiyə ilə dialoq aparmaq niyyətindədir. Bunu gizlətmir. Türkiyə, əslində, bu dialoqu aparmaqla, Ermənistana daha çox nüfuz edə bilər. Ona görə, bu təsirin əhəmiyyətini azaltmamaq üçün Türkiyə kəskin bəyanatlarla çıxış etmir“.