2018-ci ildə İtaliyanın La Sapienza Roma Universitetinin “İnkişaf və Beynəlxalq Əməkdaşlıq Elmləri” magistr proqramı üzrə məzunu olan Sənan Mehdi Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisində fəaliyyətə başlayıb.
Universitetdən AzerTimes-a verilən məlumata görə, İtaliya hökumətinin təqaüdü ilə təhsil almaq imkanını reallaşdıran S.Mehdi buna qədər Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini başa vurub. O, “Müqayisəli Sosial Siyasət və Rifah” birgə magistr proqramı çərçivəsində Litvanın Mykolas Romeris Universiteti və Finlandiyanın Tampere Universitetinin hər birində bir semestr müddətində təhsil alıb. S.Mehdi 3 ay müddətində ABŞ-ın Cənubi Karolina ştatında “Yay iş təcrübəsi” proqramında da iştirak edib.
MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sənan Mehdi ilə söhbət edərək onun təəssüratlarını öyrənib.
Son dövrlərdə MDU-nun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yaxından izlədiyini deyən S.Mehdi peşəkar karyerasını məhz bu universitetdə davam etdirmək qərarına gəldiyini bildirib. O, bu qərarını yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da perspektivli gənclərin hərtərəfli karyera inkişafı üçün yaradılan imkanlarla əsaslandırıb.
Təhsil aldığı qabaqcıl universitetlərdə qazandığı bilik, bacarıq və təcrübəni MDU-da tətbiq etmək əzmində olan S.Mehdi regionda yerləşən bu universitetin gələcək uğurlarında pay sahibi olacağına əminliyini ifadə edib.
İlkin mərhələdə MDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsinə töhfə verməyə çalışan S.Mehdi növbəti tədris ilindən etibarən akademik fəaliyyətlə də məşğul olacağını bildirib. Yeni inkişaf mərhələsini yaşayan MDU ailəsinin üzvü olmaqdan məmnunluğunu vurğulayan S.Mehdi yaxın gələcəkdə ali təhsilin doktorantura səviyyəsində təhsil almağı və müvafiq istiqamətlər üzrə elmi tədqiqatlar aparmağı nəzərdə tutduğunu qeyd edib.
Qeyd edək ki, sürətlə modernləşən MDU-da müasir dünyagörüşlü və yüksək intellektli gənclərin universitetin inzibati və akademik heyətinə cəlb edilməsinə xüsusi əhəmiyyət verilir.