Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub

Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizə səfər edən Küveyt Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əs-Səvvağın Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından bəhs olunan geniş məqaləsi “Dasmannews” xəbər portalında ərəb dilində dərc olunub.

Ölkəmizin Küveyt Dövlətindəki səfirliyindən AzerTimes-a bildiriblər ki, məqalədə Azərbaycan Prezidentinin 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox ölkənin media nümayəndələrinin 50-yə yaxın sualına ətraflı cavab verdiyi qeyd olunub.

Müəllif Prezident İlham Əliyevin Xocalı soyqırımı, onun İƏT, TDƏŞ kimi beynəlxalq təşkilatlar və bir neçə dövlətin qanunverici orqanları tərəfindən soyqırımı kimi tanınması, həmçinin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Xocalı da daxil olmaqla, işğal altındakı bütün torpaqların azad edilməsi ilə bağlı fikirlərinə geniş yer verib.

Qeyd edilib ki, ərəb media nümayəndələrinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı misli görünməmiş dağıntıların şahidi olduqlarını, o cümlədən dağıdılmış vəziyyətdə olan qədim məscidin işğal zamanı heyvanlar üçün tövlə kimi istifadə edilməsi, habelə Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərdə də məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin tamamilə dağıdılması ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev deyib: “Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər”.

Feysəl Xəlifə Əs-Səvvağ azad edilmiş ərazilərdə mədəni abidələrin bərpasında beynəlxalq təşkilatların və müsəlman ölkələrinin konkret olaraq hansı rolu oynaya biləcəyinə dair suala dövlətimizin başçısının verdiyi cavabı da oxucuların diqqətinə çatdırıb: “Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. ICESCO-nun nümayəndə heyəti Azərbaycanda olub. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürülüb ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, prinsipial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır”.

Müəllif, eyni zamanda, qeyd edib ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Azərbaycanda bir çox tədbirlər təşkil edilib. Bu tədbirləri işıqlandırmaq üçün xarici media nümayəndələrinin işğaldan azad edilmiş torpaqlara səfəri təşkil olunub. Biz də Ağdam şəhərinə səfərimiz zamanı o dağıntıları öz gözlərimizlə gördük və orada misli görünməmiş cinayətlərin törədildiyinin şahidi olduq. Həmin əraziləri Xirosimaya, Naqasakiyə bənzətmək olar.

Yazıda, həmçinin bildirilib ki, 44 günlük müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini işğalçı qüvvələrdən təmizləyərək azad edib.

Vurğulanıb ki, Azərbaycanın azad etdiyi ərazilər son 100 ildə xarici qüvvələrin əsarətindən xilas olunmuş ilk müsəlman torpaqlarıdır.

Teqlər: