Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub

Küveytin ərəb dilli “Dasmannews.com” xəbərlər portalında və “Al Wasat” qəzetində “Xocalı soyqırımı XX əsri ən dəhşətli hərbi cinayətlərindən biridir” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən AzerTimes-a bildirilib ki, məqalədə məhşum faciənin baş verməsi tarixi, icraçılar və doğurduğu ağır nəticələr barədə Küveytli oxuculara ətraflı məlumatlar verilib, İslam Əməkdaşlığı Təşkilatının bu faciəni soyqırımı kimi tanıyan ilk təşkilat olduğu bildirilib, eləcə də təşkilatın çoxsaylı qərar və qətnamələrinə, bəyanatlarına istinad edilib.

Həmçinin, 8 May 2008-ci il tarixində, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya Ədalət” beynəlxalq məlumat və təbliğat kampaniyası və bu kompaniyanın dünyanın 60-dan çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməsinin soyqımının dünya ölkələri tərəfindən tanınması işində mühüm rol ioynadığı qeyd edilib.

Türkiyə, Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya Respublikası, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya, Cibuti, Gvatemala, Paragvay kimi bir sıra ölkələrdə hökumət və ya parlament səviyyəsində, o cümlədən ABŞ-ın 20-dən çox ştatında Xocalı soyqırımının tanındığı Küveyt ictimaiyyətinin diqqətinə çatdırılırb.

Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Azərbaycanla yanaşı Türkiyənin, Hollandiyanın, Almaniyanın, Bosniya və Herseqovinanın və Meksikanın müxtəlif şəhərlərində xatirə abidələri ucaldılması qeyd edilib.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Xocalı soyqırımını tanıyan və qınayan qətnamələrin qəbul edilməsində birmənalı dəstək verdiklərinə görə Küveyt Dövləti də daxil olmaqla bütün müsəlman ölkələrinə dərin minnətdarlıq ifadə olunub.

Faciəni işıqlandıran bir çox dünyanın nüfuzlu mətbuat orqanlarının yazıları və milli qəhrəman Çingiz Mustafayevin video kadrlarının təkzibolunmaz faktlar olduğu vurğulanıb.

Qeyd edilib ki, müasir tariximizin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı iyirminci əsrin digər soyqırımı aktları ilə müqayisə edilə bilər (Holokost, Babiy Yar, Xatın və s). Beynəlxalq hüquq birmənalı olaraq bu cür cinayətləri soyqırım kimi qəbul edir və insanlığa qarşı ən ağır cinayətlər hesab edir.

Məqalədə həmçinin Ermənistan silahlı qüvvələrinin uşaq, yaşlı, qadın demədən mülki şəxsləri hədəfə almasının bir davamlı məqsəd olduğu vurğulanıb və 1994-cü ildə atəşkəs imzalanandan sonra yüzlərlə mülki şəxsin öldürüldüyü və yaralandığı statistik rəqəmlərlə göstərilib.

27 sentyabr-10 noyabr 2020-ci il tarixində Azərbaycanın qələbəsi ilə başa çatan “Vətən müharibəsi”nə toxunularaq, Ermənistan silahlı qüvvələrinin atəş zərbələri nəticəsində evlərə, müəssisələrə, məktəblərə, xəstəxanalara vurulan ziyan və mülki itkilərin sayı göstərilməklə yanaşı, kütləvi təxliyyələr yaşandığı qeyd edilib.

Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər bölgələrinin şəhər və kəndlərinin Ermənistan hərbçiləri tərəfindən hücumlara məruz qalması, mülki şəxslərə qarşı ballistik raketlərdən və ağır artilleriyadan istifadə edilməsi barədə faktların “Human Rights Watch” təşkilatının 11 dekabr 2020-ci il tarixli hesabatında təsdiqləndiyi açıqlanıb.

Qeyd edilib ki, mülki əhaliyə və obyektlərə edilən hücum beynəlxalq humanitar hüquq normalarının, daha dəqiq desək Ermənistanın da ratifikasiya etdiyi 12 Avqust 1949-cu il Cenevrə Konvensiyasının və həmin konvensiyaya əlavə edilən 1977-ci il 1 saylı Protokolun tələblərinin birbaşa pozulmasıdır.

Sonda Xocalı şəhərindən olan məcburi köçkünlərin hələ də vətənlərinə qayıtmaq üçün həsrətlə gözlədikləri, lakin o günün çox uzaqda olmadığı bildirilib. “Belə ki, 44 günlük Vətən müharibəsi bizə həm böyük qələbəni, həm də böyük qayıdışı təmin etdi. İlk öncə bu müharibədə şəhid olanlara və qazilərə Allahdan rəhmət və şəfa diləyirik. Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı təbrik edirik. Eyni zamanda Azərbaycanın haqlı işinə dəstək olan bütün dövlətlərə, təşkilatlara və şəxslərə bir daha dərin minnətdarlığımızı bildiririk” – deyə Səfirlik məqaləsini bu fikirlərlə tamamlayıb.

1. https://dasmannews.com/2021/02/22/%d9%88%d8%a7%d8%ad%d8%af%d8%a9-%d9%85%d9%86-%d8%a3%d9%81%d8%b8%d8%b9-%d8%a7%d9%84%d8%ac%d8%b1%d8%a7%d8%a6%d9%85-%d8%a7%d9%84%d8%b9%d8%b3%d9%83%d8%b1%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a7%d9%84%d9%82%d8%b1-2/

2. http://www.alwasat.com.kw/ArticleDetail.aspx?id=126103

Teqlər: