Kütləvi məzarlıqların müəyyən edilməsi tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I
Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının
ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində
axtarış tədbirləri həyata keçirilir.

I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin
şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma
tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun
Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar
aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən
ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb
edilmişdir.

Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid
meyit qalığı aşkar edilmişdir. Aşkar olunan meyit qalıqları kütləvi
dəfn edilmiş şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin
məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş
onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı
zamanı qətlə yetirilmiş mülki şəxslərə aid meyitlər azərbaycanlı
əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılmışdır.
Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması
ehtimal edilir. Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri
mütəxəssislər tərəfindən davam etdirilir.

Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi isə
I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən
əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr
verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların
aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi
zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq
normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu
cinayət əməlləri özünəməxsus qaydada “məharətlə”
gizlədilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan
hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş
müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq
humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin
kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin
məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.

İnsanlıq və bəşəriyyət əleyhinə törədilmiş bu cinayət əməlləri
ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin
məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral
tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə
dəvət edilmiş, aşkar olunmuş faktlar barədə onlara ətraflı məlumat
verilmişdir.

Teqlər: