Sentyabrın 10-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Mərasimlərdə Milli Müdafiə Universitetinin, Hərbi institutun, Hərbi Tibb Fakültəsinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Buraxılış mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Təntənəli mərasimlərdə çıxış edənlər kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.
Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Sonda valideynlər hərbi təhsil müəssisələrində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.