Respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət
açıqlanıb.
Son günlər havaların yağmursuz keçməsi nəticəsində çaylarda, o
cümlədən Kür çayına tökülən çaylarda sululuğun azalması müşahidə
olunub.
Trend xəbər verir ki, bnu Milli Hidrometeorologiya Xidmətinin
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Kür çayının yuxarı axınında-Qıraqkəsəmən
məntəqəsində aprelin 6-dan başlayaraq suyun səviyyəsi 97 sm azalıb.
Hazırda su sərfi 365 m3/san olmaqla normanın 49 faizini təşkil edir
ki, bu da keçən il ilə müqayisədə 6 faiz azdır.
“Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 106 sm
azalıb, hazırda su sərfi 88,5 m3/san olmaqla normanın 53 faizini
təşkil edir ki, bu da keçən il ilə müqayisədə 16 faiz azdır.
Kür çayının aşağı axınında Yevlax məntəqəsində suyun
səviyyəsində ciddi dəyişiklik olmayıb, hazırda su sərfi 122 m3/san
olmaqla normanın 45 faizini təşkil edir ki, bu da keçən ilə
yaxındır.
Kür-Zərdab məntəqəsində aprelin 15-dən başlayaraq suyun
səviyyəsi 61 sm azalıb, hazırda su sərfi 103 m3/san olmaqla
normanın 33 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə
19 faiz azdır.
Kür-Surra məntəqəsində aprelin 14-dən başlayaraq suyun səviyyəsi
35 sm azalıb, hazırda su sərfi 90 m3/san olmaqla normanın 12
faizini təşkil edir ki, bu da keçən ilə yaxındır.
Kür-Şirvan məntəqəsində aprelin 15-dən başlayaraq suyun
səviyyəsi 10 sm azalıb, hazırda suyun səviyyəsi 129 sm olmaqla
keçən il ilə müqayisədə 12 sm çoxdur.
Kür-Salyan məntəqəsində aprelin 17-dən suyun səviyyəsi 25 sm
azalıb, hazırda suyun səviyyəsi 358 sm olmaqla keçən il ilə
müqayisədə 6 sm azdır.
Kür-Bankə məntəqəsində aprelin 14-dən suyun səviyyəsi 18 sm
azalıb, hazırda suyun səviyyəsi 79 sm olmaqla keçən il ilə
müqayisədə 34 sm aşağıdır.
Araz çayının Novruzlu məntəqəsində isə aprelin 13-dən başlayaraq
suyun səviyyəsi 30 sm azalıb, hazırda suyun səviyyəsi 60 sm olmaqla
keçən il ilə müqayisədə 22 sm çoxdur”.
A.Verdiyev qeyd edib ki, hazırda Böyük Qafqazın Balakən-Şəki
bölgəsi çaylarında sululuq normadan 17 faiz çox, Oğuz-Qəbələ
bölgəsi çaylarında normadan 25 faiz az, Quba-Xaçmaz bölgəsi
çaylarında normadan 7 faiz az, Kiçik Qafqazın çaylarında isə
normadan 53 faiz azdır. Yaxın günlər ərzində gözlənilən
yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.