Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə
hazırlanmış Kürdəmir şəhərinin Baş planı Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə
təsdiq edilib. Kürdəmir şəhərinin sayca üçüncü Baş planı
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən
hazırlanıb. 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan yeni
sənəddə müasir planlaşdırma tələbləri əsas götürülərək şəhərin
gələcək inkişaf istiqamətləri müəyyən edilib.
Komitədən Trend-ə bildirilib ki,Baş plana əsasən hesabat
müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 39000 nəfərə
çatacağı gözlənilir. Artan əhalinin təlabatına uyğun olaraq uşaq
bağçaları, məktəblər, kiçik parklar və digər sosial xidmət
obyektlərinin yerləşdiriləcəyi yaşayış zonalarının qurulması,
adambaşına düşən ümumi yaşayış sahəsinin 19,2 m2-dən 25 m2-ə qədər
artırılması nəzərdə tutulur. Həmçinin şəhərin inkişafının və
əhalinin məşğulluğunun təmin edilməsi üçün yeni sənaye
müəssisələrinin yaradılması, ictimai işgüzar zonanın inkişafı
planlaşdırılır. Kürdəmir şəhərində əhalinin daha çox kənd
təsərrüfatı ilə məşğul olduğu nəzərə alınaraq zonalaşdırma zamanı
bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və fərdi yaşayış
evlərinin həyətyanı sahələrlə təmin edilməsi məsələləri də diqqətdə
saxlanılıb.
Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı
sistemlərinin genişləndirilməsi məqsədi ilə küçə-yol şəbəkəsinin
ümumi uzunluğunun 22+f,53 km-ə çatdırılması nəzərdə tutulur.
Əhalinin istirahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması üçün rekreasiya ərazilərinin və şəhərboyu
yaşıllıq sisteminin yaradılması təklif edilir.