Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin
əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və
520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən
qaçaqmalçılığının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, may
ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli
kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində
sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam
Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına
dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal
“Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
ərazidə əllərində 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin
özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb
etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə
yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar. Onların Bakı
şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli
rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı
olmaları müəyyənləşdirilmiş, üzərilərindəki bağlamalara baxış
zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram “tiryək”,
3921 qram “heroin”, 17790 qram “qurudulmuş marixuana”, 2987 qram
“metamfetamin”) və 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri
aşkar olunaraq götürülmüşdür.
May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun
Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti
sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə
siqnal daxil olmuşdur. Sərhəd zastavası “Silaha” komandası ilə
qaldırılmış, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam
Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus
izlər aşkarlamışdır.
Xidməti ərazi dərhal qapadılmış, xidməti itlər cəlb edilməklə
sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks
qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı
rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən
Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış
zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik
vasitə “metamfetamin” və 500 ədəd “metadon-40” psixotrop tərkibli
həblər aşkar edilmişdir.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.