Kuboku Messiyə vermək yarışı…

Kuboku Messiyə vermək yarışı…

Mundial başlanmadan belə ən çox maraq doğuran bir məsələ vardı: Kuboku Messi, yoxsa Ronaldo qazanacaq? Sualın “yoxsa”dan sonrakı hissəsinin cavabı artıq məlumdur: Ronaldo kuboku qazana bilmədi. Bəs Messi necə? Argentina artıq finaldadır və Messinin hələ də kuboku qazanmaq şansı var.

Argentina yığması söz yox ki, güclü komandadır, finalda onları Fransa gözləyir. Di gəl ki, Argentinanın final yoluna baxdıqda son dərəcə mübahisəli məqamları da görürük.

Portuqaliya-Mərakeş oyununa argentinalı hakim təyinatı portuqaliyalı futbolçular tərəfindən kəskin etirazla qarşılandı. Pepe və Bruno Fernandes oyundan sonra bu təyinata uca səslə qarşı çıxdılar. Futbolun daxilində hakim səhvləri hər zaman gözə dəyir. Ancaq adətən “maraq toqquşması” prinsipi də qorunub saxlanılmalıdır. Bu oyundan əvvəl həll ediləsi olan çox sadə bir məsələdir. Belə ki, ¼ final oyunlarına kubokdan kənarlaşan ölkələrin hakimlərinin təyin edilməsi bir qaydadır. Bu əsasla, alman, ingilis, braziliyalı, italyan və ya başqa bir ölkədən hakim təyinatı məqsədəuyğundur. Əks halda isə maraqlar toqquşur. Futbolçular da bu məqamlara diqqət çəkirdilər.

Ancaq hakim səhvlərinin Portuqaliyanı uduzdurduğunu demək çətindir. Və bu oyuna argentinalı hakimin təyinatı isə qaydaların pozulması demək deyildi. Çünki qaydalara əsasən qrup mərhələsində o qrupa daxil olan ölkələrin hakimləri heç bir vəchlə o qrupun oyunlarına təyin edilmir. Növbəti mərhələdə isə turnir ağacı iki yerə bölünür, sağ tərəfdə olan ölkələrin hakimləri sol tərəfin, sol tərəfdəkilərin isə sağ tərəfin oyunlarına təyin edilir.

Göründüyü kimi, Portuqaliya qalib gəlsəydi belə Argentina ilə qarşılaşmayacaqdı. Onlar ancaq finalda oynaya bilərdilər. Yeri gəlmişkən, final üçün əsas namizədlərdən biri də məhz həmin o başıbəlalı argentinalı hakim Tello idi. Argentina finala çıxdığı üçün artıq onun finalda fit çalmaq şansı yoxdur.

Argentinanın finala səyahətinin başqa bir mübahisəli cəhəti isə penaltilərdir. Belə ki, komanda oynadığı 6 oyunın 4-ündə penalti qazanıb. Bu penaltilərin 3-ü də Messi tərəfindən qola çevrilib. Argentinanın Səudiyyə, Polşa, Hollandiya və Mərakeşlə oyununda qapılara penaltilər təyin edildi. Və bu penaltilərin ən azı üçü mübahisəli idi.

Söz yox ki, Messi dünya futbol tarixinin ən görkəmli futbolçularından biridir. Eləcə də Argentina yığması… Ancaq bu penaltilərin Argentinaın imicinə ləkə saldığı da göz qarşısındadır.

Bəlkə başqa zaman olsaydı bu penaltiər bu qədər mübahisə doğurmazdı. Ancaq futbol arxasında çirkli oyunlar gedir. Mütəşəkkil cinayətkar dəstəyə çevrilən FİFA-nın az qala hər bir hərəkəti böyük mübahisələr doğurur. Çempionatın Qətərə verilməsindən başlayaraq hər şey mübahisələndirilir. FİFA isə özünütənqidə, daxili təmizliyə heç bir ehtiyac duymayaraq özünü hər vəziyyətdə haqlı çıxartmağa çalışır. FİFA-nın etimad limiti çoxdan bitib və bu da ən çox futbola və futbolçulara ziyan vurur.

Bu vəziyyətdə İbrahimoviçin “Bir ssenari yazılıb, Messiyə kubok verməlidilər” açıqlaması əleyhinə istifadə ediləcək arqument də qalmır. Ancaq Qətərə dünya kubokunun ev sahibliyinin verilməsi bazarlığında Fransanın o zamankı prezidenti Sarkozi, eləcə də dövrün fransız UEFA prezidenti Mişel Platininin də adı hallanır. Ona görə də Argentinanın çempion edilməsi planı (əgər varsa) qarşısında Fransa heç də zəif rəqib kimi görünmür.

Üstəlik, finala qədərki performansları baxımından Fransa yığması daha hazırlıqlı görünür. Ancaq futbolun meydançada yox, qapalı kabinetlərdə oynanıldığı, ya da bu barədə şübhələrin çox olduğu bir zamanda yaşayırıq.

Futbol heç də həmişə futbol deyildir…

Teqlər: