KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər – Mixail Finkel

Ermənistanın KTMT üzrə üç müttəfiq ölkəsi – Qazaxıstan, Tacikistan və Qırğızıstan Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel AzerTimes-a açıqlamsında bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası ilə əlaqədar KTMT-yə üzv olan üç ölkənin Azərbaycan təbrik etməsi çox vacibdir.

“Bu o deməkdir ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, Azərbaycanla yaxınlıq və tərəfdaşlıq onlar üçün Ermənistanla olan bütün assosiasiyalardan qat-qat üstündür”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, onu özləri üçün yaxın ölkə hesab edir, onunla həmrəydir və qələbəsini, o cümlədən özləri üçün çox mühüm hadisə hesab edir

“Bu həm də onu göstərir ki, bu ölkələr Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər və KTMT ölkələrinin sırasında kimin kim olduğunu bilirlər” – deyə israilli hüquqşünas əlavə edib.

O qeyd edib ki, bu, Azərbaycanın həm diplomatik, həm beynəlxalq, həm də iqtisadi müstəvidə böyük qələbəsidir.

“Təbii ki, Azərbaycanın gələcəyi bütün cəbhələrdə hərtərəfli tərəqqi və regionda vəziyyətin yaxşılaşmasıdır. Əgər Ermənistan fikrini dəyişməsə və düzgün qərar verməsə, düzgün nəticə çıxarmasa, o zaman indiki vəziyyətdən də pis vəziyyətlə üzləşəcək”, – deyə Mixail Finkel sonda qeyd edib.

Teqlər: