Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas fevralın 16-da BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi mövzusunda çıxış edəcək. O, xüsusilə, KTMT-nin Qazaxıstanda vəziyyəti sabitləşdirmək üçün göstərdiyi səylərdən bəhs edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
V.Nebenzya deyib: “Fevralın 16-da beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə subregional təşkilatlar, bizim halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında əməkdaşlığa dair müzakirələr olacaq. Biz həmkarlarımızı KTMT-nin fəaliyyəti, Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiyada vəziyyəti sabitləşdirmək üçün təşkilatın kollektiv səyləri barədə məlumatlandırmağı, KTMT baş katibi Stanislav Zasın brifinqini dinləməyi vacib hesab edirik”.
O qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş gündəlikdəki bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasında çıxış etməyə hazır olduğunu bildirib.