Kristal Abşerondan şəhid ailəsi ilə bağlı yayılmış əsassız xəbərlərə cavab

Şəhid Teymur Əzizovun anası Əzizova Lyubov Vyaçeslavovnanın Kristal Abşeron MTK -dan alınmış daşınmaz əmlaklar üzrə borclarının ödənilməsində yaranmış problemlərlə bağlı şikayəti əsasında qarşı tərəfin mövqeyini öyrənmək üçün MTK ilə əlaqə saxladıq.

MTK-dan bəzi xəbər saytlarında əsassız və MTK-nın mövqeyi öyrənilmədən yayımlanmış məlumatlaların həqiqətə uyğun olmadığı bildirilmişdir. Belə ki, Əzizov Teymur Kristal Abşerondan ümumilikdə 4 mənzil, 2 qeyri yaşayış (ticarət) sahəsi və 2 avtodayanacaq almışdır. Lakin artıq 2 ilə yaxındır ki, ödənişlərində gecikmələr yaranmışdır. Hal hazırda 4 mənzil üzrə qalıq borc ümumilikdə 100.037AZN (yüz min otuz yeddi manat) təşkil edir. Əzizov Teymur Əli oğlu ikinci Qarabağ müharibəsində şəhid olduqdan sonra Kristal Abşeron MTK-nın təsisçiləri onun varisi – həyat yoldaşı Səmədova Zeynəb Vəli qızına dəfələrlə 2 mənzil üzrə olan 50.018 AZN (əlli min on səkkiz manat) məbləğində borcun təsisçilər tərəfindən ödənilməsini təklif etmişdirlər. Lakin Səmədova Zeynəb bununla razılaşmamışdır.

Qeyd etmək istəyirik ki, “Kristal Abşeron” MTK 44 günlük Vətən Müharibəsi ərzində və ondan sonrakı dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna 200.000AZN (iki yüz min manat), “YAŞAT” Fonduna 100.000AZN (yüz min manat) ödəmiş, həmçinin silahlı qüvvələrimizə zəruri yük avtomobilləri və müxtəlif növ tikinti texnikası ilə dəstək olmuşdur. Bununla yanaşı Kristal Abşeron MTK-dan mənzil almış 4 şəhid – hərbçimizin ümumilikdə 200.487AZN (iki yüz min dörd yüz səksən yeddi manat) məbləğində borcu şirkətin təsisçiləri tərəfindən tam ödənilərək şəhidlərin ailələrinə borcun olmamağı barədə arayışlar təqdim edilmişdir.

Teqlər: