Krımda baş verən hadisələr hərbi və informasiya xarakteri daşıyır. Ukraynanın oraya müntəzəm ağır zərbələri Rusiyanın zəifliyini nümayiş etdirdi.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Musienko deyib.
“Baş verən hadisələr Krımın güclü mühafizə olunması və məğlub olmayan aviasiya ilə bağlı Rusiyanın yaratdığı mifləri ifşa etdi. Sevastopoldan sonra Rusiyanın həssas olduğu artıq aydındır. “Bavovna”da, Sevastopolda Rusiyanın Qara dəniz Donanmasının komandanlığına güclü zərbələr, həmçinin, Novofedorovkada və Kerç yaxınlığındakı partlayışlar Rusiyadan Krıma yaşamaq və dincəlmək üçün gələn insanlara da böyük təsir edib”, – Musienko deyib.
O vurğulayıb ki, Krımda baş verənlər Rusiyanın imicinə zərbə vurub:
“Rusiyanın Hindistan və Türkiyəyə reklam edərək satmağa çalışdığı S-400 hava hücumundan müdafiə sistemlərinin imicinə zərbə dəydi. Aerodroma endirilən zərbə nəticəsində Rusiyanın Qara dəniz Donanmasının dəniz aviasiyası – hücum və bombardmançı təyyarələri artıq məhv edilib. Bütün bu hücumlar Krım yarımadasının azad edilməsi üçün ilkin şərtlərdir. Əvvəlcə Ukrayna qüvvələri yaxın arxa cəbhəni darmadağın etdi. İndi isə növbə uzaq arxa cəbhənindir”.