Bu gün Rusiya Krımı qırmızı xətt olaraq görür. Səbəb isə donanmadır. Krım rus donanması üçün ən əlverişli bölgədir. Rusiya 2014-cü ildə dünyanın gözünün içinə baxa-baxa yarımadanı işğal etdi. Hazırda tərəflərə baxdığımız zaman Rusiyanın məqsədi bütün Ukraynanı işğal etmək, Ukraynanın məqsədi isə Krımı işğaldan qurtarmaqdır.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.
“Müharibə başlayandan bəri fərqli vaxtlarda Rusiya və Ukraynanın üstünlük qazandığının şahidi olduq. İndi isə tərəflər arasında qüvvələr nisbətində tarazlığın formalaşdığını deyə bilərik. Xüsusilə son günlərdə biz Ukraynanın Xersonda əks-hücumlar keçirdiyini və müxtəlif ərazilərdə nəzarəti bərpa etdiyini eşidirik. Kiyev Krımda aerodromun hücum nəticəsində partladığını deyir, Moskva isə inkar edir. Hansı versiyanın doğru olduğunu isə səbir edib görməliyik. Ancaq bir şeyi əminliklə vurğulamaq istəyirəm ki, bundan sonra Krım daha çox müzakirə ediləcək. Dünyanın əksər ölkələri Krımın işğalını qəbul etmir və Rusiyanın oradan çəkilməsini istəyir. Əgər döyüşlər Krıma keçsə, müharibə daha da şiddətlənəcək. Çünki Rusiya yarımadanı əldən verməmək üçün hər şeyi edəcək. Böyük dövlətlərin dəstəyinə gəldikdə isə onların heç birinin yarımadaya qoşun göndərib birbaşa Rusiya ilə döyüşəcəyinə inanmıram. Bu günədək verilən dəstəyə baxmayaraq Ukrayna döyüş meydanında balansı tam formalaşdıra bilməyib. Lakin Kiyev əks-hücuma keçərək bunu bacaracağını göstərsə, Qərb hər cür hərbi dəstək verəcək və müharibə yeni mərhələyə qədəm qoyacaq. ABŞ qəti şəkildə qələbə qazanacağına əmin olsa, NATO-nun da meydana girməsini təmin etməklə prosesi tamam fərqli istiqamətə çevirə bilər. Lakin hələ tezdir. Çünki müharibənin Krıma sıçrayıb-sıçramayacağı, Rusiyanın reaksiyasının nə olacağı, Ukraynanın buna nə qədər dayana biləcəyi, prosesin Üçüncü Dünya müharibəsinə çevrilib-çevrilməyəcəyi kimi suallar cavabını tapmalıdır. Ona görə, mənzərə tam aydın olmalıdır”, – Başbuğ bildirib.