Kremlin İrəvana “dözməsi”nin səbəbi – Ekspert

Kremlin İrəvana “dözməsi”nin səbəbi – Ekspert

Hazırda çox mürəkkəb vəziyyət formalaşıb. Biz istər Fransanın, istərsə də ABŞ-ın Ermənistanı da “uyğun bir qarşıdurma bölgəsi”nə çevirmək üçün əlindən gələni etdiyini görürük.

Bu sözləri AzerTimes-a Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər və 5 apreldə Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-AB müştərək konfransı haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi bildirib ki, baş verənlər Qərb və Rusiya arasında gedən böyük qarşıdurmanın tərkib hissəsidir:

“Ukrayna müharibəsinin də yalnız Kiyev və Moskva arasında olmadığı hamımıza aydındır. Bir tərəfdə Qərb, digər tərəfdə Rusiya və müttəfiqləri var. Qarşıdurma da iqtisadi, siyasi, nəqliyyat, ümumiyyətlə bütün sahələrdə gedir. Beynəlxalq səviyyədə yeni təhlükəsizlik arxitekturasının, yeni dünya düzəninin qurulması ərəfəsindəyik. Həm Ukrayna müharibəsi, həm də Yaxın Şərqdəki gərginlik bu prosesin bir hissəsidir.

Fikrimcə, Qərb bizim regionu da bəhs etdiyimiz qarşıdurmanın yeni cəbhəsinə çevirmək istəyir. Məqsədləri Ermənistana yalan vədlər verərək bölgədə qeyri-konstruktiv rol oynamağa təhrik etməkdir. Türkiyə, Rusiya və İran gedən prosesi çox yaxşı anlayır. Ona görə Ermənistanın atdığı addımlar yaxşı heç nə vəd etmir. Yəqin ki, Ukraynaya başı qarışsa da, Rusiya prosesin belə özbaşına irəliləməsinə imkan verməyəcək. Hər halda Moskvanın əlində İrəvanı sıxmaq üçün müəyyən təsir vasitələri var. Ancaq Rusiya hələ ki, tələsmir. Çünki oraya müdaxilə etsə, hakimiyyət çevrilişi olsa belə, Ermənistanı itirəcəyini bilir. Ona görə ki, Gürcüstan və Ukraynadan fərqli olaraq, Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur. Moskvanın hələlik problemi necə həll edəcəyini bilmədiyini, ona görə vaxt uzatdığını düşünürəm. Qərb də AB missiyasının sayını artırmaq və s. yollarla Ermənistanda mövcudluğunu gücləndirir, Rusiyanı sıxışdırır. 5 apreldə keçiriləcək Brüssel görüşü sözügedən prosesdə növbəti mərhələ olacaq. Bütün hallarda Rusiya bu və ya digər yollarla gedişata müdaxilə edəcək”.

Teqlər: