Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsi, separatçı bölgələrdə keçirilən seçkiləri tanımaması və onu qanunsuz sayması Kiyevə dəstək, Rusiyaya qarşı mübarizə kimi vurğulanır. Moskva açıq şəkildə bildirir ki, müttəfiqlik qaydalarına görə bu cür addımlar atılmamalıdır.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Rusiyanın Azərbaycana diplomatik demarşı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın səsləndirdiyi fikirlər və Azərbaycanı müttəfiqlik müqaviləsinə əməl etməməkdə ittiham etməsi olduqca absurddur:
“O, Azərbaycanı Şərqi Ukraynanın tarixini bilməməkdə günahlandırır. Hesab edir ki, Bakı oranı Rusiyanın ərazi bötüvlüyü kimi tanımalıdır. Lakin bu məqamda Zaxarovaya xatırlatmaq istərdim ki, müttəfiqlik məsələsi gündəmdədirsə, biz Ermənistan və ya erməni separatçılarla gedən mübarizədə Moskvanı müttəfiqimiz kimi tam olaraq yanımızda görməmişik. Sülhməramlı qismində ordadırlar. Amma gah “dağlıq qarabağ respublikası”, gah “dq ordusu” terminindən istifadə edirlər. Sülhməramlılar yeri gələndə Azərbaycan ərazisində separatçılara dəstək olur. Hazırda Azərbaycan ərazisindəki separatçılar Ermənistandan daha çox Rusiyadan dəstək alır. Xanım Zaxarova iki ölkə arasında müttəfiqlik müqaviləsinə istinad etmək istəyirsə, o zaman hər hansı separatçı rejimə, erməni lobbisinə və ya icmasına məhəl qoymadan, birbaşa ərazi bütövlüyümüzü tanımalıdır. Digər məsələ isə Azərbaycan beynəlxalq hüquqa hörmət edir və özü separatçılıqdan əziyyət çəkən ölkədir. Odur ki, Azərbaycan heç bir halda beynəlxalq hüququ poza bilməz. Bunun əksini Azərbaycandan gözləmək absurd istəkdir”.